Ümumi tarix · Qədim Avropa
Qədim Roma
Qədim Roma
Mənbə: Anar İsayev, «Ümumi tarix» (2025) · PDF səh. 32–40 / kitab səh. 63–80 / §7
İtaliyanın ərazisi və təbiəti
İtaliya Balkan yarımadasından qərbdə — Apennin yarımadasında yerləşir. Buranı yunanlar İtaliya, yəni «buynuzlar ölkəsi» adlandırırdılar. Alp dağları İtaliyanı şimaldan əhatə edir. Yarımadanın cənubunda Siciliya adası var. İtaliya əhalisi qədimdən əkinçilik, maldarlıq, üzümçülük və balıqçılıqla məşğul olurdu. Apennin yarımadasının ən çox inkişaf etmiş tayfası etrusklar idi. Yarımadanın mərkəzində latın tayfası yaşayırdı.
Roma tarixinin dövrləşdirilməsi
| Dövr | Tarix |
|---|---|
| Padşahlıq dövrü | e.ə. 753 – e.ə. 509 |
| Respublika dövrü | e.ə. 509 – e.ə. 27 |
| İmperiya dövrü | e.ə. 27 – e. 395 |
Padşahlıq dövrü (e.ə. 753 – e.ə. 509)
E.ə. 753-cü ildə Tibr çayının sahilində Roma şəhərinin əsasının qoyulması ilə Romada padşahlıq dövrü başladı və e.ə. 509-cu ilədək davam etdi.
Romada padşahlıq dövründə dövləti idarə edirdi:
- Padşah (hökmdar);
- Senat («Ağsaqqallar şurası»).
Senat üzvü olan senatorlar öz sıralarından bir nəfəri ömürlük padşah seçirdilər.
Bu dövrdə Romanın azad əhalisi patrisilərə və plebeylərə bölünürdülər.
Əfsanəyə görə, latın tayfasından olan Romul və Rem adlı iki qardaş şəhər salmaq qərarına gəlirlər. Onlar şəhərin harada salınması və gələcəkdə oranı kimin idarə etməsi üstündə dalaşırlar. Bu zaman Romul Remi öldürür. Sonra o, şəhər salır və orada padşahlıq edir. Bu şəhəri Romulun adı ilə Roma adlandırırlar.
| Patrisilər | Plebeylər |
|---|---|
| Romanın hakim təbəqəsi, ən qədim əhalisinin nəsli idi. | Romaya başqa yerlərdən köçüb gələnlər və onların nəsilləri idi. |
| Romanın iri torpaq sahibləri idi. Buradakı torpaqlar və otlaqlar onlara məxsus idi. | Orduda xidmət edirdilər. |
| Vəzifələrə yalnız onlar seçilə bilərdilər. Senat adlanan «Ağsaqqallar şurası» var idi. | Onlara torpaq payı verilmirdi. |
| Varlılardan torpağını icarəyə götürür, məhsulun yarısını vergi kimi onlara verirdilər. |
QEYD: Azad əhalinin yoxsul təbəqəsi olması Afinada demos ilə Romada plebeylər üçün oxşar cəhətdir.
Respublika dövrü (e.ə. 509 – e.ə. 27)
E.ə. 509-cu ildə romalılar sonuncu padşahı və padşah hakimiyyətini devirdilər, Romada respublika quruluşunu yaratdılar. Roma dövlətini müəyyən müddətə seçili orqanlar vasitəsi ilə seçilmiş adamlar idarə etdiyi üçün romalılar bu idarəetmə sistemini respublika, yəni «ümumxalq işi» («xalqın hakimiyyəti») adlandırırdılar.
Patrisilərlə plebeylər arasında mübarizə
Plebeylər respublika qurulduqdan sonra da hüquqsuz qaldılar. Odur ki, respublika dövrünün əvvəllərindən patrisilər və plebeylər arasında mübarizə başladı. Plebeylərin qoşunda xidmətdən boyun qaçırması sonda patrisiləri güzəştə getməyə məcbur etdi. Beləliklə, patrisilərlə plebeylər arasında davam edən iki yüz ildən çox (e.ə. 509 – e.ə. III əsr) mübarizə nəticəsində plebeylər qalib gəldilər.
| Dövr | Plebeylərin qazandığı uğurlar |
|---|---|
| E.ə. V əsrin əvvəllərində | Plebeylər hər il özlərinin hüquqlarını qoruyan müdafiəçi — xalq tribunu seçmək hüququ əldə etdilər. |
| E.ə. III əsrin əvvəllərində | Bütün Roma vətəndaşları qanun qarşısında bərabər idi. |
| E.ə. III əsrin ortalarında | Plebeylər Romanın tam hüquqlu vətəndaşı oldular. Hər bir Roma vətəndaşı istənilən vəzifəyə seçilə bilərdi. |
Reallıqda isə hakimiyyət bir neçə varlı patrisi və plebey ailələrinin əlində cəmləşmişdi. Ona görə də Roma Respublikası demokratik dövlətə çevrilə bilməmişdi. Yunanıstandan fərqli olaraq Romada vəzifəyə görə əməkhaqqı verilmirdi. Buna görə də yoxsullar vəzifə tutmaq istəmirdilər. Vəzifələrə daha çox adlı-sanlı adamlar, quldarlar seçilirdi. Ona görə də Roma Respublikası zadəgan respublikası idi.
Roma Respublikasının idarəetmə sistemi
- Senat (Ağsaqqallar şurası) — Geniş səlahiyyətlərə malik idi; daxili və xarici siyasəti, maliyyə və xəzinə məsələlərini idarə edirdi. Müharibə və sülh məsələlərini həll edirdi. Hazırladığı qərarları Xalq yığıncağına səsvermə üçün göndərirdi.
- Xalq yığıncağı — Hər il idarə etmək üçün 2 konsul seçirdi. Senatın hazırladığı qərarları müzakirə edib səsvermə yolu ilə qəbul edirdi, yaxud əksinə.
- Konsul — 1 illik müddətə Roma dövlətini idarə etmək üçün seçilirdi. Xalq yığıncağı tərəfindən patrisilər arasından seçilirdi. Müharibə vaxtı orduya rəhbərlik edirdi. Sülh dövründə bütün məsələlər üzrə Senatla məsləhətləşirdi.
- Tribun — Plebeyləri müdafiə edirdi. Plebeylərlə bağlı Senatın və ya konsulun istənilən qərarına veto (qadağan, ləğv) etmək hüququ var idi. Tribunu öldürmək Romada ən ağır cinayət hesab olunurdu.
Romada hüquq
Romanın ən qiymətli mirasından biri hüquq sistemidir. E.ə. V əsrin ortalarında Romanın ilk qanun məcəlləsi qəbul edildi — 12 lövhə qanunları.
Roma hüquq sisteminin müasir dövrdə mövcud prinsipləri:
- Əksi sübuta yetirilməyənə qədər insanların günahsız sayılması (günahsızlıq prezumpsiyası).
- Təqsirləndirilən şəxslərə hakim qarşısında özlərini müdafiə etməyə icazə verilməsi.
- Hakimlərin qərar qəbul etməzdən əvvəl sübutları əsaslandırması.
Roma Respublikasının işğalları
Roma ordusu hərbi xidmətə çağırılan kəndlilərdən təşkil olunurdu. Legion 4500 döyüşçüdən ibarət idi, sərt intizamla idarə olunurdu. Legionun əsas qüvvəsi ağır silahlı piyadalar idi.
Respublika qurulduqdan sonra romalılar İtaliyada ondan çox tayfanın ərazisini işğal etməyə başladılar. E.ə. III əsrdə bütün İtaliyanın işğalını başa çatdırdılar. Senat «Parçala və hökmranlıq et» qaydasından istifadə edərək tabe etdiyi tayfaları bir-birinə qarşı vuruşdurur, onların birləşib Romaya qarşı çıxmasının qarşısını alırdı.
Pirr qələbəsi
«Pirr qələbəsi» ifadəsi — məğlubiyyətə bərabər qələbə deməkdir. Roma yunan şəhərləri ilə müharibə edən zaman Balkan yarımadasındakı kiçik bir dövlətin şahı olan Pirr yunanların köməyinə gəldi. Pirrin ordusunda 22 min piyada, 3 min süvari və 20 döyüş fili var idi. Döyüş vaxtı fillər romalıların cərgələrinə soxulur, onların üzərində oturan döyüşçülər düşmənin üzərinə ox və cida yağdırırdılar. Pirrin qoşunu bir neçə belə qələbə qazandı. Lakin o qədər tələfata uğramışdı ki, Pirr ucadan demişdi: «Bir də belə qələbə qazansaq, mən qoşunsuz qalaram!»
Pun müharibələri (e.ə. 264 – e.ə. 146)
E.ə. III əsrin I yarısında Roma ilə Afrikanın şimalında yerləşən Karfagen arasında Pun müharibələri başladı. Romalılar karfagenliləri pun adlandırdığı üçün bu müharibə tarixə Pun müharibəsi adı ilə daxil olmuşdu (pun — latınca punicus sözündən alınıb, «finikiyalı» deməkdir).
- Tarixi — E.ə. 264 – e.ə. 146-cı illərdə fasilələrlə davam etmişdi.
- Müharibənin səbəbi — 1. Roma Respublikasının İtaliyanın işğalını başa çatdırdıqdan sonra Siciliya adasını tutmaq istəyi; 2. Roma və Karfagenin Aralıq dənizinin qərbində ağalıq etməyə çalışması.
- Müharibənin gedişi və nəticəsi — Roma Siciliya, Sardiniya, Korsika adalarını işğal etdi. Karfagen şəhəri dağıdılaraq ərazisi Romanın əyalətinə çevrildi. Bununla da Aralıq dənizinin qərb sahilləri Romanın hakimiyyəti altına düşdü.
QEYD: Yadellilər tərəfindən tutularaq dağıdılması e.ə. 829, e.ə. 716, e.ə. 650-ci il İzirtu; e.ə. 146-cı il Karfagen şəhərinin tarixi üçün oxşar cəhətdir.
Romanın Aralıq dənizi hövzəsində ən qüdrətli dövlətə çevrilməsi
Pun müharibələri bitdikdən sonra romalılar Şərqə doğru irəliləyərək Suriya padşahlığını məğlub edib, onun Kiçik Asiyadakı torpaqlarını ələ keçirdi. Bu qələbə romalılara Balkan yarımadasını işğal etmək üçün yol açdı. Roma Aralıq dənizinin şərq sahilləri uğrunda da mübarizə apararaq Makedoniya falanqasını, e.ə. 146-cı ildə Yunanıstanı məğlub edib itaət altına aldı. Beləliklə, e.ə. II əsrdə Roma Aralıq dənizi hövzəsində ən qüdrətli dövlət oldu. İşğal olunmuş əraziləri Roma canişinləri idarə edirdi. Senat qalib gəlmiş sərkərdəni triumfla təltif edirdi (triumf — qalib gələn sərkərdənin öz qoşunu ilə təntənəli şəkildə Roma şəhərinə daxil olması).
E.ə. III–II əsrlərdə Roma Respublikasının işğalları: İtaliya → Karfagen → Suriya → Makedoniya → Yunanıstan.
Quldarlıq və qladiator döyüşləri
İşğalçı müharibələri nəticəsində Romaya gətirilən qulların sayı artdı. Ağır vergiləri ödəyə bilməyən əyalətlərin sakinləri də qul edilərək satılırdı. Aralıq dənizi ölkələrinin hər yerində qul bazarları var idi. Qədim dünyanın heç bir ölkəsində Romada olduğu qədər qul yox idi. Romada quldarlıq quruluşu yüksək inkişaf etmişdi. Romada qul əməyindən daha çox kənd təsərrüfatında istifadə olunurdu. Romada əmək alətlərini «dilsiz», kəlləri «böyürən», qulları isə «danışan alətlər» adlandırırdılar.
- Misirdə — «canlı ölülər»
- Yunanıstanda — «hilot»
- Hindistanda — «yad», «düşmən»
- Romada — «danışan alətlər»
Romada çevik və güclü qullara xüsusi həbsxana-məktəblərdə silah işlətmək öyrədilir və onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qullara qladiator (latınca «qılınc» sözündəndir) deyirdilər. Qladiator döyüşləri üçün sirkə oxşar amfiteatr (böyük tamaşa yeri) tikilirdi. Amfiteatrın mərkəzindəki arena adlanan meydançada qladiatorlar döyüşürdülər. Məğlub qladiatorun taleyi tamaşaçılardan asılı idi: baş barmaqları qaldırardılarsa döyüşçü sağ qalır, aşağı endirərdilərsə qalib məğlubu öldürərdi.
Qrakx qardaşlarının torpaq islahatı
Qul əməyinin geniş tətbiqi nəticəsində Romada kəndlilər daha da yoxsullaşdı. Qulların əməyi ilə torpağın becərilməsi və məhsul əldə edilməsi çox ucuz başa gəldiyi üçün kəndlilər öz məhsullarını sata bilmir və torpaqlarını ucuz qiymətə quldarlara satırdılar. Kəndlilər torpağı itirdikdən sonra hərbi xidmətə çağırılanların sayı azaldı — bu Roma qoşununun zəifləməsinə səbəb olurdu.
E.ə. 133-cü ildə xalq tribunu seçilən Tiberi Qrakx yeni torpaq qanunu təklif etdi. Tiberinin torpaq qanununa görə:
- Hər bir varlı romalı 250 hektardan artıq torpaqdan istifadə edə bilməzdi.
- Torpağın artığı alınıb yoxsullara paylanılmalı idi.
- Kəndlilərə paylanılan torpaqlarını satmaq qadağan olunurdu.
Tiberi: «Vəhşi heyvanların da yatmaq üçün yuvası və yatağı vardır. İtaliya uğrunda vuruşan və canlarından keçən adamlar evsiz-eşiksiz sərsərilər kimi dolaşırlar. Əsgərlər başqalarının cah-calalı, sərvəti uğrunda vuruşub həlak olurlar. Onlara kainatın ağası deyirlər, halbuki onların özlərinin bir parça torpağı yoxdur».
Senatın müqavimətinə baxmayaraq Xalq yığıncağı Tiberinin torpaq qanununu qəbul etdi. Senatorlar Tiberini padşah olmaq istədiyini iddia edərək onu və tərəfdarlarını öldürdülər. On il sonra qardaşı Qay Qrakx xalq tribunu seçildi. O:
- Kəndlilərə torpaq paylamağa davam etdi.
- Yoxsul kəndlilərə dövlət anbarlarından ucuz qiymətə taxıl verdi.
Senat qoşunları Romaya göndərərək Qay Qrakxı və tərəfdarlarını öldürdü. Torpaq paylanması dayandırıldı, kəndlilərin əldə etdiyi torpaqları satmağa icazə verən qanun qəbul edildi, varlılar yenidən torpaqları almağa başladılar. İslahatlar İtaliya kəndlilərinin yoxsullaşmasını müvəqqəti ləngitdi, lakin tam dayandıra bilmədi.
Spartak üsyanı (e.ə. 74 – e.ə. 71)
Qulların ağır yaşayış şəraiti üsyanlara səbəb olurdu. E.ə. 74-cü ildə Spartakın başçılığı ilə Kapua qladiator məktəbindən qullar qaçdı və Vezuv dağında məskunlaşdı. 3000 roman əsgəri dağın yeganə yolunu mühasirəyə aldı. Qullar üzüm sarmaqlarından nərdivan düzəldərək gecə qayaları enib romalıları gözlənilməz hücumla məğlub etdilər. Spartak qoşununu Roma ordusu qaydasında sərt intizamla təşkil etdi. İki konsulun ordusunu ardıcıl məğlub etdi. Senat böyük ordu göndərərək Mark Krassı komandan təyin etdi. Spartak Siciliyaya keçmək niyyətində idi, lakin dəniz piratları onu aldatdı. Krassın ordusu geri çəkilmə yolunu kəsdi. Spartak döyüşçülərinə demişdi: «Qılıncın kəsiyi ilə ölmək aclıqdan ölməkdən yaxşıdır». E.ə. 71-ci ildə son döyüşdə Spartak qəhrəmanlıqla həlak oldu. İspaniyadan gələn Pompey qoşunları Krassa kömək edərək üsyanı tam yatdı. 6000 qul Kapuadan Romaya qədər yol boyu xaçlanmışdı.
Romada vətəndaş müharibəsi
Daimi müharibələr Roma ordusunun tərkibini dəyişdirdi. Ordu muzdlulardan ibarət olmağa başladı. Bu əsgərlər Roma dövlətinə deyil, öz komandirlərinə sadiq and içirdilər. Bu isə e.ə. I əsrdə hakimiyyət uğrunda komandirlər arasında vətəndaş müharibələrinə səbəb oldu. Spartak üsyanından sonra Krass və Pompey hakimiyyət uğrunda mübarizə apardılar. Yuli Sezar da bu mübarizəyə qoşuldu və konsul seçildi.
Sezarı Qalliyanın (Qalatiyanın) canişini təyin etdilər. Sezar Qalliyaya canişin təyin edilərkən yalnız cənubu romalılara məxsus idi. Az sonra Sezar bütün Qalliyanı Romaya tabe etdi. Bundan sonra Sezar Romada ali hakimiyyəti ələ keçirmək məqsədi ilə e.ə. 49-cu ildə «Püşk atılmışdır!» deyərək Roma üzərinə hərəkət etdi. Qalliya sərhədini keçmək respublikaya qarşı qiyam demək idi.
Sezarın Romaya hücumu zamanı:
- Sezarın əsas rəqibi, Senat qoşunlarına komandanlıq edən Pompey şəhərin müdafiəsini təşkil edə bilmədi.
- Sezarın qoşunları Roma şəhərini və İtalyanı tutdu.
- Sezar Pompeyin sonradan topladığı böyük ordunu da məğlub etdi.
Romada Sezar ilə Pompey tərəfdarları arasında gedən vuruşmaları vətəndaş müharibəsi adlandırırlar. Bütün Roma Respublikasında öz hakimiyyətini qurmaq üçün Sezar Avropa, Asiya və Afrikada müharibələr apararaq qalib kimi Romaya qayıtdı. Senat Sezarı ömürlük diktator (tam hakimiyyətə malik olan) elan etdi. Nəticədə Sezar rəsmi olaraq mütləq hökmdar — diktator oldu.
Sezara hökmdar kimi ehtiram göstərilməsini sübut edir:
- Onun heykəllərinin tanrıların heykəlləri ilə yanaşı qoyulması;
- Metal pulların üzərində şəklinin həkk olunması.
Lakin Sezar (e.ə. 49–44) Romada respublikaya son qoymadı. Respublikanı monarxiya (irsən keçən təkhakimiyyətlilik) ilə əvəz etmək istəyi Sezarın öldürülməsinə səbəb oldu. Sezarın təkbaşına hakimiyyətindən narazı olan senatorlar e.ə. 44-cü ildə ona qarşı sui-qəsd təşkil etdilər. Respublika tərəfdarlarının hazırladıqları qəsdin başında Sezarın dostu Brut dururdu. Senatın iclası zamanı qəsdçilər Sezara 23 xəncər zərbəsi vuraraq onu öldürdü. Bununla da Sezarın Romada təkbaşına hakimiyyət qurmaq cəhdi boşa çıxdı. Lakin bu, respublikanın çox da möhkəm olmadığını göstərdi. Roma artıq monarxiya yoluna qədəm qoymaqda idi.
Sezarın qətlindən sonra qəsdçilər Romada özlərinə tərəfdar tapa bilmədiyi üçün qaçdılar. Sezarın varisi Oktavian ilə köməkçisi Antoni qüvvələrini birləşdirərək Romada hakimiyyəti ələ alıb respublikaçıları məğlub edərək Roma dövlətinin idarəsini öz aralarında bölüşdürdülər. Razılığa görə:
- Oktavian dövlətin qərb əyalətlərini idarə edirdi.
- Misir hökmdarı Kleopatra ilə evlənən Antoni dövlətin şərq əyalətlərini idarə edirdi və İsgəndəriyyədə yaşayırdı.
Lakin Oktavianla Antoni arasındakı rəqabət sonra müharibəyə səbəb oldu. E.ə. 31-ci ildə Aksi burnu yaxınlığında baş verən dəniz döyüşündə Oktavian qalib gəldi. E.ə. 30-cu ildə Oktavianın qoşunları İskəndəriyyəni tutdu, Misir Romanın əyalətinə çevrildi. Bununla da Romada ikinci vətəndaş müharibələri başa çatdı. Oktavian Romanın tək hakimi oldu.
İmperiya dövrü (e.ə. 27 – e. 395)
E.ə. 27-ci ildə Oktavian Senatın səlahiyyətlərini məhdudlaşdıraraq ilk Roma imperatoru oldu və Roma Respublikası imperiya adlanmağa başlandı. Senat Oktaviana Avqust (müqəddəs) fəxri adını verdi.
Oktavian Avqustun hakimiyyəti (e.ə. 27 – e. 14) dövründə:
- Konsul və tribunlar Oktavianın əmrlərini sözsüz yerinə yetirirdilər.
- Yalnız onun təyin etdiyi adamlar senator ola bilərdi.
Oktavian Avqustun yaratdığı idarəetmə qaydası vəfatından sonra da saxlanıldı. Romanı imperatorlar, ya da hakimiyyəti varisliklə, yaxud qoşunun köməyi ilə ələ keçirmiş şəxslər idarə edirdilər. İmperiya dövründə Romada respublika vəzifələri saxlanılsa da, əslində monarxiya qurulmuşdu. İmperiyanın qurulması Romanın hökmranlığını daha da möhkəmləndirdi.
I–II əsrlərdə Roma imperiyası öz qüdrətinin zirvəsində idi. İmperatorların apardığı işğalçı müharibələr nəticəsində Romanın ərazisi daha da genişlənirdi.
İmperator Mark Trayan (98–117) hakimiyyəti dövründə:
- Dunay çayı sahillərindəki qələbələri ilə şöhrət qazandı.
- 115–117-ci illərdə Asiyaya yürüş edərək Mesopotamiyanı, Kiçik Asiyada Kilikiyanı, Ərəbistan yarımadasında bir çox əraziləri işğal etdi.
- Parfiyanın paytaxtı Ktesifon şəhərini tutdu.
II əsrdə Roma imperiyası Atlantik okeanından İkiçayarasına, Nil çayından Britaniyaya qədər geniş ərazini əhatə edirdi. Lakin işğal olunmuş ərazilərdə baş verən üsyanlar Trayanı geri qayıtmağa məcbur etdi və Parfiyanın fəthini başa çatdırmağa imkan vermədi. Trayanın yürüşləri Romanın son işğalçı müharibələri idi.
Romada quldarlıq təsərrüfatının tənəzzülü
Romalılar elmi biliklərin inkişafı nəticəsində su dəyirmanları tikməyi öyrəndi; gavahınlı kotan və öküzlə hərəkətə gətirilən biçin alətləri ixtira etdilər. Lakin bu əmək alətlərini qullara etibar etmirdilər. Öz sahibinə nifrət bəsləyən qulları işləməyə məcbur etmək və qaçmalarına yol verməmək üçün çoxlu nəzarətçi lazım idi.
II–III əsrlərdə Romada quldarlıq qaydalarının mövcud olması texnikanın inkişafını ləngidirdi və kənd təsərrüfatının tənəzzülünə səbəb olurdu. Bu dövrdə Romada «daxmalı qul»lar və kolonlar (əkinçilər) meydana gəldi. Qulların öz əməklərinə marağını artırmaq üçün bəzi quldarlar onlara kiçik torpaq sahələri və əmək alətləri verirdilər.
- Azad deyildi, asılı qullar idilər. — Azad və icarədar kəndlilər idilər.
- Daxma tikə və ailə qura bilərdilər. — Qullara nisbətən daha yaxşı işləyirdilər.
- Kiçik torpaq sahələri və əmək alətləri var idi. — «Daxmalı qullar» kimi əldə etdiyi məhsulun bir hissəsini torpaq sahibinə icarə haqqı kimi verir, qalanı isə özlərinə qalırdı.
II əsrdə Romada qulun öldürülməsi qadağan olunmuşdu. III əsrdə başlayan daxili iğtişaşlar və xarici hücumlar iqtisadiyyata mənfi təsir etdi. Müharibələr və epidemiya nəticəsində əhalinin sayının azalması vergi gəlirlərinə mənfi təsir göstərdi.
Roma imperiyasının parçalanması
İmperator Konstantin nadir hallarda Romaya baş çəkirdi. 313-cü ildə xristianlara açıq ibadət etməyə və məbədlər tikməyə icazə verdi. Bundan sonra xristianlıq Roma imperiyasında rəsmi dinə çevrildi. 330-cu ildə paytaxtı qədim yunan şəhəri Vizantiyə (Bizansa) köçürdü. Yeni paytaxt onun şərəfinə Konstantinopol adlandırıldı. Belə böyük imperiyanı idarə etmək getdikdə çətinləşirdi, mərkəzi hakimiyyət və vilayətlərlə əlaqə zəifləyirdi.
IV əsrin ikinci yarısında hunların məğlub etdiyi german tayfaları Roma imperiyasının ərazilərinə daxil oldular. Barbarların Roma imperiyasının sərhədlərinə hücumları gücləndi. Romalılar və yunanlar dillərini başa düşməyən adamları «barbarlar» («əcnəbi», «anlaşılmaz dildə danışan») adlandırırdılar. Hazırda «barbar» sözü «kobud və qəddar adam» deməkdir.
395-ci ildə Roma imperiyası rəsmi olaraq iki hissəyə parçalandı:
- Paytaxtı Roma olan Qərbi Roma imperiyası;
- Paytaxtı Konstantinopol olan Şərqi Roma (Bizans) imperiyası yarandı.
QEYD: Bir neçə hissəyə parçalanması e.ə. 323-cü il Makedoniya imperiyasının, e.ə. 58-ci il Asiya Hun imperiyasının və 395-ci il Roma imperiyasının tarixi üçün oxşar cəhətdir.
| Dövlət | Tarix | Ərazi |
|---|---|---|
| Qərbi Roma | 395–476 | İtaliya, Avropa, Afrikanın qərb əyalətləri |
| Şərqi Roma | 395–1453 | Balkan yarımadası, Misir və Romanın Asiyadakı əyalətləri |
Qərbi Roma imperiyasının süqutu
Roma imperiyasının bölüşdürülməsi hər iki dövlətin qüvvələrini zəiflətdi. V əsrdə german tayfaları olan vesqotlar və vandallar hunların hücumlarına tab gətirməyərək Roma imperiyasının Qalliya, İtaliya, İspaniya ərazilərini qarət edib Şimali Afrikaya keçdilər. German tayfalarının yürüşləri nəticəsində Qərbi Roma imperiyasının vəziyyəti daha da ağırlaşdı.
V əsrin ortalarında (452-ci ildə) hunlar Roma şəhərinə hücum etdilər. Sülh danışıqları aparmaq üçün Roma papasının (din xadimi) başçılığı ilə hun hökmdarı Attilanın düşərgəsinə nümayəndələr göndərildi. Onlar Attiladan Romanı öz himayəsinə götürməyi xahiş etdilər. Attila bu təklifi qəbul edib Roma şəhərinə toxunmayaraq geri çəkildi.
QEYD: Hunlara qarşı mübarizə aparması e.ə. III əsr Çin, eramızın V əsri Qərbi Roma tarixi üçün ortaq cəhətdir.
455-ci ildə vandalların Şimali Afrikadan Roma şəhərinə yürüşü nəticəsində Roma şəhəri tutularaq qarət edildi; on minlərlə romalı öldürüldü və ya qul edildi. Vandallar Romanı iki həftə qarət etdilər. Heykəllər sındırılır, kitablar məhv edilir, evlər yandırılırdı. Vandalların törətdiyi dağıntılar o qədər dəhşətli idi ki, o vaxtdan «vandal» sözü vəhşi, mədəniyyət abidələrini, şəhərləri və kəndləri dağıdan qəddar adamlara deyilir.
Qərbi Roma imperatorları İtaliyada ağalıq edən german tayfa başçılarının əlində oyuncağa çevrilmişdilər. Nəhayət, 476-cı ildə germanların vandal tayfalarından birinin başçısı sonuncu Roma imperatorunu taxtdan salması ilə Qərbi Roma imperiyası süqut etdi.
Qərbi Roma imperiyasının süqutu nəticəsində:
- Qərbi Avropada quldarlıq sistemi dağıldı.
- Avropada qədim dövr başa çatdı, orta əsrlər başladı.
Qədim Roma mədəniyyəti
Yunanlar və romalılar yaratdıqları antik mədəniyyəti Aralıq dənizi ətrafında yayıb, Avropa və digər regionlara təsir etdilər. Antik dövrdə Roma Aralıq dənizi hövzəsinin ən böyük şəhəri, dünyanın mədəni mərkəzlərindən biri idi. Ona «Əbədi Qızıl şəhər» və ya sadəcə «Şəhər» deyirdilər. Roma imperatorları şəhəri şöhrətləndirmək üçün mərkəzdəki forum meydanı və ətrafında abidələr, məbədlər ucaldırdılar. Şəhərdə isti və soyuq hovuzları olan termalar (hamamlar), istirahət zalları və kitabxanalar var idi. E.ə. I əsrin sonu — eramızın I əsrinin əvvəli Roma poeziyasının «qızıl dövrü» adlanır.
- Böyük Plini — Aralıq dənizi ölkələrinin elmi biliklərini toplayan «Təbii tarix» kitabının müəllifidir.
- Tit Livi — Romanın ən məşhur tarixçilərindən biridir. Tarixə keçmiş təcrübə və əxlaq dərsi prizmasından baxırdı.
- Vergili — İmperator Oktavianın sifarişi ilə «Eneida» epik poemasını yazmışdır.
- Sahə — Məzmun
- --- — ---
- Təqvim — Romalılar illəri e.ə. 753-cü ildən — Roma şəhərinin salınmasından hesablayırdılar. Yuli Sezarin sifarişi ilə İsgəndəriyyə astronomları təqvim tərtib etdilər; bu təqvim kiçik dəyişikliklərlə bu günədək işlədilir. Ayların adları da saxlanılıb. Romada il mart ayından başlayırdı. Romalılar yeddinci ayı sentyabr, onuncu ayı dekabr adlandırırdı. İyul ayı Sezarin, avqust ayı Oktavianın şərəfinə adlandırılmışdır.
- Yazı — Romalıların yaratdığı latın əlifbası bu gün azərbaycanlılar da daxil olmaqla bir çox xalqlar tərəfindən işlədilir. Latın dili italyan, fransız, rumın dillərinin əsasını təşkil etmişdir. Elmdə bitki və heyvanların adları, həmçinin xəstəlik və dərman adları bu gün də latınca verilir.
Din
Romalılar çoxallahlı dinə ibadət edirdilər. Baş tanrı Yupiter hesab olunurdu. I əsrdə o zaman Romanın əyaləti olan Fələstində xristianlıq dini meydana gəlmişdi. Xristianlıq təktanrılı dinlərdən biri idi; peyğəmbəri (Allahın elçisi) İsa idi. Romalılara görə onun nitqləri Fələstində Roma hakimiyyətini sarsıtmağa yönəlmişdi, çünki o, insanları tək Allaha ibadət etməyə çağırırdı. Buna görə də romalılar İsanı tutub ağacdan düzəldilmiş xaç üzərində çarmıxa çəkdilər. İsanın davamçıları onu Xristos («Allah tərəfindən seçilmiş»), özlərini isə xristianlar adlandırırdılar. Xristianlığın müqəddəs kitabı **«İncil»**dir. Xristian icmalarını birləşdirən və yepiskoplar (nəzarətçi) tərəfindən idarə olunan xristian təşkilatı kilsə adlanırdı. Romanın baş yepiskopu Papa adlanırdı. İmperator Konstantin 313-cü ildə xristianlara açıq ibadət etməyə və məbədlər tikməyə icazə verməsindən sonra xristianlıq Roma imperiyasında rəsmi dinə çevrildi.
Memarlıq
Roma memarları yunan və Şərq memarlıq üsullarından çox şey mənimsəyərək, ondan geniş istifadə edirdilər. Yunan üslubunda sütunlar və düzbucaqlı binalar ilə yanaşı, qövşəkilli örtüklər — tağlar (arkalar), sərdabə və günbəz tikməyi öyrənmiş və istifadə etmişdilər. Nəhəng binalar tikmək üçün beton ixtira etmişdilər. Mühəndislik bacarıqları yolların, körpülərin və su kəmərlərinin tikintisində istifadə olunurdu; geniş yol şəbəkəsi qurmuşdular. Roma heykəltəraşları yunan müəllimlərini ötüb keçərək, insanın həm xarici görünüşünü dəqiq təsvir edir, həm də onun xarakterini açıb göstərirdilər.
- Kolizey amfiteatrı — Qladiator döyüşləri keçirilir və teatr tamaşaları göstərilirdi.
- Panteon məbədi — «Bütün tanrıların məbədi» sayılırdı.
- Zəfər tağı (Triumf) — İmperatorların qələbələrini şöhrətləndirmək üçün tikilirdi.
- Sirk (cıdır) meydanı — On minlərlə tamaşaçı tutan bu meydanda at yarışları keçirilirdi.
- Trayan sütunu — Trayanın şərəfinə 40 m hündürlüyündə ucaldılmışdı.
QEYD: Trayan sütununun üzərindəki relyefdə (qabarıq təsvir) imperator Trayanın hərbi uğurları təsvir olunmuş, zirvəsində isə heykəli qoyulmuşdur.
Roma imperatorları (seçilmiş)
| İmperator | Dövr | Əsas fakt |
|---|---|---|
| O. Avqust | e.ə. 27 – e. 14 | İlk Roma imperatoru; respublika vəzifələri saxlanılsa da monarxiya quruldu. Adına tərtib edilmiş kitabda «Öz səfirləri vasitəsi ilə bizim dostluğumuzu alban, iber və med (Atropatena) hökmdarları istəyirdilər» qeyd edilmişdi. Atropatena hökmdarı Artabaz hansı Roma imperatoru ilə əlaqə yaratmış, e.ə. 20-ci ildə digər Atropatena hökmdarı Ariobarzanın Atropatenada hakimiyyətə gəlməsinə kömək etmiş və ona Kiçik Asiyadakı ermənilər üzərində hakimiyyət vermişdi. |
| Tiberi | 14–37 | İber və alban basilevslərinə (hökmdarlarına) Parfiya hökmdarı Artaban ilə müharibəyə başlamaları üçün xeyli pul göndərmişdi. |
| Domisian | 81–96 | Legionu Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmış və Qobustanda üzərində latın dilində yazı olan daş kitabə tərtib etmişdi. |
| Trayan | 98–117 | Romanın son işğalçı müharibələri; Dunay sahillərində şöhrət; 115–117-də Mesopotamiya, Kilikiya, Ərəbistan; Ktesifonu tutdu, lakin üsyanlar fəthi tamamlamağa imkan vermədi. |
| Adrian | 117–138 | Albaniya hökmdarları ilə dostluq əlaqələri saxlamış və onlara qiymətli hədiyyələr göndərmişdi. |
| Konstantin | 306–337 | 313-də xristianlara azad ibadət; 330-da paytaxtı Konstantinopol (Vizantiya) etdi. |
Müqayisə və oxşar cəhətlər
Yuli Sezar ilə Oktavian Avqust üçün oxşar cəhətlər: Respublikaçılara qarşı mübarizə aparmışdılar; Romada təkbaxşına hakimiyyət yaratmışdılar. Lakin Y. Sezar O. Avqustdan fərqli olaraq respublikaya son qoymamışdı.
| II Filipp ilə Yuli Sezar | Ərdəşir Babəkan və Trayan |
|---|---|
| Sui-qəsd nəticəsində öldürülmüşdülər. | Parfiya dövləti ilə müharibə aparmışdılar. |
Makedoniyalı İskəndər və Oktavian Avqust üçün oxşar cəhətlər: Dövlətin ərazisini genişləndirmişdilər; Misiri ələ keçirmişdilər (M. İskəndər e.ə. 332, O. Avqust e.ə. 30-cu ildə); rəqibinə qarşı həlledici döyüşdə qalib gəlmişdilər (M. İskəndər e.ə. 331-ci ildə Qavqamela döyüşündə, O. Avqust e.ə. 30-cu ildə Akti döyüşündə).
Qədim Çin və Roma tarixi üçün oxşar cəhətlər: Hunlara qarşı mübarizə aparmışdılar (Şərqi və Qərbi Roma imperiyası); təqvim yaratmışdılar; çoxtanrılıq mövcud olmuşdu.
Qədim Hindistan və Roma tarixi üçün oxşar cəhətlər: E.ə. I minillikdə quldar dövlət yaranmışdı; Makedoniya dövləti ilə müharibə aparmışdı; özünəməxsus yazıları olmuşdu; qul əməyindən geniş istifadə olunmuşdu; çoxtanrılıq mövcud olmuşdu.
Qədim Manna və Roma tarixi üçün oxşar cəhətlər: E.ə. I minilliyin I yarısında dövlətin yaranması; qul əməyindən istifadə olunması; çoxtanrılığın mövcud olması.
Əhəməni dövləti və Roma Respublikası üçün oxşar cəhətlər: Misiri işğal edərək öz əyalətinə çevirmişdilər; Yunanıstan və Makedoniya ilə müharibə aparmışdılar.
Qədim Misir və Roma tarixi üçün oxşar cəhətlər: Aralıq dənizi sahillərində yerləşirdi; məhsuldar çay vadisində yaranmışdı; quldar dövlət idi; ordunun əsasını piyadalar təşkil edirdi; Makedoniya dövləti ilə müharibə aparmış, Suriyanı işğal etmişdi (e.ə. II minillikdə Misir, e.ə. I əsrin ortalarında Roma); paytaxtı başqa şəhərə köçürülmüşdü (e.ə. II minillikdə Misirdə Fiv şəhərinə, e. 330-cu ilində Romada Vizanti şəhərinə); təqvim yaratmışdılar; çoxtanrılıq mövcud olmuşdu.
Qədim Afina, Sparta və Roma dövlətlərinin tarixi üçün oxşar cəhətlər: Ağsaqqallar şurasının fəaliyyət göstərməsi; Makedoniya ilə müharibə aparılması.
Qədim Makedoniya və Roma tarixi üçün oxşar cəhətlər: Geniş işğalçı müharibələr aparması; Misiri işğal edərək əyalətinə çevirməsi; Azərbaycan ərazilərinə yürüş etməsi.
Qədim Yunanıstan və Roma tarixi üçün oxşar cəhətlər: Klassik quldar dövlətlər idi; idarəçilikdə daha çox şəxs iştirak edirdi; yoxsulların vəzifəyə seçilmək hüququ olmuşdu; Makedoniya imperiyası ilə mübarizə aparmışdılar; çoxtanrılılıq mövcud olmuşdu; antik mədəniyyət yaratmışdılar.
| Yunanıstan | Ortaq cəhət | Roma |
|---|---|---|
| Yunanıstan Balkan yarımadasında | Yarımadada yerləşirdi | Roma Apenin yarımadasında |
| Yunanlar e.ə. 776-cı ildən | İl hesabı e.ə. VIII əsrdən hesablanırdı | Romalılar e.ə. 753-cü ildən |
| Yunanlarda demos və aristokratlara | Azad əhali iki qrupa bölünürdü | Romada patrisi və plebeylərə |
| Yunanıstan e.ə. V əsrdə | Aralıq dənizində hakim dövlət olmuşdu | Roma e.ə. II əsrdə |
| Yunanıstanda demos e.ə. 594-cü il | Yoxsullar vətəndaşlıq hüququ əldə etmişdi | Romada plebeylər e.ə. III əsrdə |
| Yunanıstanda strateq | Müəyyən müddətə seçilmiş şəxslər tərəfindən idarə olunurdu | Romada konsul |
| Yunanıstanda e.ə. V əsrin ortaları | Uzun mübarizədən sonra yoxsullara vəzifə tutmaq hüququ verilmişdi | Romada e.ə. III əsrin ortaları |
| Yunanıstanda e.ə. VI əsrdə | Vətəndaşların qula çevrilməsi qadağan edilmişdi | Romada e.ə. IV əsrdə |
| Ağsaqqallar şurası mövcud olmuşdu |
Xronologiya
| Tarix | Hadisə |
|---|---|
| E.ə. 753-cü il | Roma şəhərinin salınması |
| E.ə. 753 – e.ə. 509-cu il | Qədim Romada padşahlıq dövrü |
| E.ə. 509-cu il | Qədim Romada respublika quruluşunun yaradılması |
| E.ə. 509 – e.ə. 27 | Qədim Romada Respublika dövrü |
| E.ə. V əsrin əvvəli | Plebeylərin xalq tribunu seçmək hüququ qazanması |
| E.ə. V əsrin ortaları | Romanın 12 lövhə adlanan ilk qanunlar məcəlləsinin qəbulu |
| E.ə. III əsrə qədər | Romalıların bütün İtaliyanın işğalını başa çatdırması |
| E.ə. III əsrin əvvəlləri | Romanın bütün vətəndaşlarının qanun qarşısında bərabər elan olunması |
| E.ə. III əsrin ortaları | Plebeylərin Romanın tamhüquqlu vətəndaşı olması |
| E.ə. III əsrin I yarısı | Romanın geniş işğalçı müharibələrə başlaması |
| E.ə. 264 – e.ə. 146 | Pun müharibələrinin baş verməsi |
| E.ə. 146-cı il | Karfagen şəhərinin dağıdılaraq Roma əyalətinə çevrilməsi; Aralıq dənizinin qərb sahillərinin Romanın hakimiyyəti altına düşməsi; Romanın Makedoniya və Yunanıstanı işğal etməsi |
| E.ə. I əsrin ortaları | Romanın Suriya, Makedoniya və Yunanıstanı işğal etməsi |
| E.ə. 133-cü il | Tiberi Qrakxın xalq tribunu seçilməsi |
| E.ə. 74-cü il | Kapuya qladiator məktəbində Spartakın başçılığı ilə qulların üsyan qaldırması |
| E.ə. 71-ci il | Spartak ilə Roma qoşunu arasında son döyüş; Spartak üsyanının yatırılması |
| E.ə. 49-cu il | Romada Sezarla Pompey tərəfdarları arasında vətəndaş müharibəsinin baş verməsi; Sezarın diktaturasının qurulması |
| E.ə. 49 – e.ə. 44-cü illər | Yuli Sezarın Romada təkbaşına hakimiyyəti dövrü |
| E.ə. 44-cü il | Yuli Sezarın sui-qəsd nəticəsində öldürülməsi |
| E.ə. 31-ci il | Aksi döyüşündə Antoninin Oktaviana məğlub olması |
| E.ə. 30-cu il | Oktavian Avqustun qoşunlarının İskəndəriyyəni tutması; Romanın Misiri öz əyalətinə çevirməsi; Oktavian Avqustun Romada hakimiyyətə gəlməsi |
| E.ə. 27 – e. 395-ci illər | Qədim Romada imperiya dövrü |
| E.ə. I əsr – e. I əsr | Roma poeziyasının «qızıl dövrü» |
| I əsr | Fələstində xristianlıq dininin meydana gəlməsi |
| 115–117-ci illər | Trayanın Asiyaya yürüşü; Mesopotamiya, Kilikiya, Ərəbistanın işğalı |
| I–II əsrlər | Roma imperiyasının öz qüdrətinin zirvəsinə çatması |
| II əsr | Romada qulların öldürülməsinin qadağan edilməsi |
| II–III əsrlər | «Daxmalı qullar»ın və kolonların meydana gəlməsi |
| 313-cü il | Konstantin xristianlara azad şəkildə ibadət hüququ verməsi; xristianlığın Romanın rəsmi dini elan olunması |
| 330-cu il | Romanın paytaxtının Vizantiyə (Konstantinopol) köçürülməsi |
| 395-ci il | Roma imperiyasının iki hissəyə parçalanması |
| 395–476-cı illər | Qərbi Roma imperiyasının mövcud olması |
| 395–1453-cü illər | Şərqi Roma imperiyasının mövcud olması |
| V əsrin ortaları | Attilanın Roma şəhərini mühasirəyə alması |
| 455-ci il | Vandalların Roma şəhərini tutaraq dağıtması |
| 476-cı il | Qərbi Roma imperiyasının süqut etməsi |
Tipik səhvlər
- Roma dövrləri: padşahlıq (753–509) → respublika (509–27) → imperiya (27–395).
- Patrisilər (zadəganlar) vs plebeylər (yoxsul azad təbəqə); demos ilə plebeylər oxşar cəhətdir.
- 12 lövhə qanunları — e.ə. V əsrin ortaları; müasir hüququn 3 prinsipi kitabda verilir.
- Pun müharibələri e.ə. 264–146; Karfagen 146-da dağıdıldı.
- Spartak e.ə. 74–71; Sezar e.ə. 49–44 (sui-qəsd); Aksi e.ə. 31; Oktavian e.ə. 30 Misir.
- Konstantin: 313 (xristianlıq), 330 (Konstantinopol); 395 parçalanma; 476 Qərbi Roma süqutu.
- Yunanıstanla müqayisə cədvəlində tarixlər: demos 594, plebeylər III əsr, strateq/konsul.
DİM qeydləri
- Roma 3 dövrü və əsas tarixlər: 753 (salınma), 509 (respublika), 27 (imperiya), 476 (Qərbi Roma süqutu).
- Plebeylər mübarizəsi: V əsr tribun; III əsr əvvəli qanun qarşısında bərabərlik; III əsr ortası tam vətəndaşlıq.
- Pun müharibələri → Karfagen 146 → Roma Aralıq dənizində ən güclü (II əsr).
- Sezar → Brut → Oktavian/Antoni → Aksi (31) → Avqust (27) ardıcıllığını bilin.
- Konstantin (313, 330) və Trayan (115–117) — ayrıca imperator sualları.
- Qərbi Roma süqutu (476) = Avropada orta əsrlərin başlanğıcı; quldarlıq sistemi dağılması.
- Yunanıstan–Roma müqayisə cədvəli və Azərbaycanla əlaqəli imperatorlar (O. Avqust/Atropatena, Domisian/Qobustan, Adrian/Albaniya) diqqətlə oxuyun.