Ümumi tarix · Qədim Avropa
Qədim Yunanıstan. Makedoniya padşahlığı
Qədim Yunanıstan. Makedoniya padşahlığı
Mənbə: Anar İsayev, «Ümumi tarix» (2025) · PDF səh. 24–31 / kitab səh. 47–62 / §6
Yunanıstanın ərazisi və təbiəti
Yunanıstan Avropada — Balkan yarımadasının cənubunda yerləşir. Cənubda Aralıq, qərbdə İon, şərqdə Egey dənizləri ilə əhatə olunmuşdu. Qədim dövrlərdən Yunanıstanda yaşayan əhali əkinçilik, maldarlıq və balıqçılıqla məşğul olurdu.
Təbiətinə görə Yunanıstan üç hissəyə bölünür:
- Şimali Yunanıstan — Şimali Yunanıstanla Orta Yunanıstanı bir-birindən Fermopil keçidi ayırır.
- Orta Yunanıstan — Attika vilayəti burada yerləşir. Orta və Cənubi Yunanıstanı bir-birindən dəniz körfəzləri ayırır.
- Cənubi Yunanıstan — Peleponnes yarımadasında yerləşir. Mikena və Lakonika şəhərləri burada yerləşir.
Qədim Yunanıstanın xəritəsində əsas coğrafi adlar və şəhərlər: Olimp dağı, Fermopil, Peloponnes, Krit adası; şəhərlər — Delfi, Afina, Sparta, Milet, Rodos; dənizlər — İon, Egey, Aralıq.
Krit mədəniyyəti
Egey dənizinin adalarının ən böyüyü Krit adasıdır. E.ə. III minilliyin I yarısında Krit adasında Avropanın ilk dövləti yaranmışdır.
Qədim kritlilərin xüsusiyyətləri:
- Əkinçilik, maldarlıq və balıqçılıqla məşğul olurdular.
- Gəmiqayırma inkişaf etmiş, böyük limanları var idi.
- Sənətkarlar bürüncdən silah, qızıldan bəzək əşyaları düzəldirdilər.
- Cənubi Yunanıstan, Misir, Finikiya və Babil ilə ticarət əlaqələri saxlayırdılar.
- Böyük saraylar tikirdilər, divarlarını freska (yaş suvaq üzərində rəsm) ilə bəzəyirdilər.
- Öz yazıları var idi.
E.ə. II minilliyin ortalarında yaxınlıqdakı adada vulkan püskürməsi nəticəsində yaratdıqları mədəniyyət məhv olmuşdu.
QEYD: Qonşu dövlətlərlə ticarət əlaqələri saxlamaq, öz yazısının olması və mədəniyyətinin başqa ərazilərə yayılması qədim şumerlərlə kritlilər üçün oxşar cəhətdir. E.ə. III–II minilliklərdə mövcud olması Krit mədəniyyəti ilə Hindistanda Mohenco-Daro və Harappa sivilizasiyaları üçün oxşar cəhətdir.
Mikena mədəniyyəti
Mikena mədəniyyəti Cənubi Yunanıstanda Peleponnes yarımadasında Mikena şəhərində axey-yunan tayfaları tərəfindən yaradılmışdır. Onlar Krit mədəniyyətindən çox şey götürmüşdülər.
Akropol («yuxarı şəhər») hündür təpədə ucaldılmışdı. Mikena akropolunda hökmdar sarayı və adlı-sanlı adamların evləri yerləşirdi. Sarayın yanında qayalara oyulmuş sərdabələr var idi; sərdabələrə basdırılanların üzünə qızıl maskalar qoyulurdu. Akropolun ətrafında isə tacirlərin, sənətkarların və kəndlilərin evləri yerləşirdi.
E.ə. II minilliyin sonlarında (e.ə. XII əsrdə) Yunanıstanın şimalından hücum edən dori-yunan tayfaları tərəfindən dağıdılmışdır.
QEYD: Sərdabələr tikmək qədim Misir və Mikena mədəniyyəti üçün oxşar cəhətdir.
QEYD: Yunanlar nəhəng daşlardan tikilmiş qurğuları, məsələn, Mikena akropolunun divarını «təpəgöz qurğuları» (siklop qurğuları) adlandırırdılar. Onlar hesab edirdilər ki, belə qurğuları yalnız təpəgözlər kimi nəhənglər qura bilər.
Yunan polislərinin yaranması
Tarixçilər e.ə. XI–VIII əsrləri Yunanıstan tarixində «Qaranlıq dövr» adlandırır. Səbəb bu dövrdə baş verən hadisələrlə bağlı çox məhdud məlumatların olması idi.
E.ə. VIII əsrdə Yunanıstanda polis adlanan ilk şəhər-dövlətlər meydana gəldi. Bunlardan ən qüdrətlisi Afina və Sparta şəhər-dövləti idi. Hər bir yunan polisində akropol — hündür təpənin üzərində şəhər, akropolun aşağı hissəsində isə aqora — bazar meydanı var idi.
Afina şəhər-dövləti — oliqarxiya və aristokratiya idarə üsulu
Afina şəhər-dövləti Orta Yunanıstandakı Attika vilayətində yerləşirdi. Digər yunan şəhər-dövlətlərindəki kimi, Afinanın azad əhalisi də iki yerə bölünürdü:
- Aristokratlar (zadəganlar) — «adlı-sanlı adam» və ya «nəsli məlum olan zadəgan» deməkdir. Əhalinin yuxarı təbəqəsini təşkil edirdilər. Yaratdıqları idarə üsulunu «aristokratiya» — «yaxşıların hakimiyyəti» adlandırırdılar.
- Demos — Attikanın aristokratlardan başqa bütün azad əhalisi idilər.
Qədim Afina şəhər-dövlətində aristokratlar:
- Akropolda yaşayırdılar;
- Siyasi həyatda üstünlüyə malik idilər;
- Attikanın bütün əhalisini özlərinə tabe etmişdilər;
- İri torpaq mülkiyyətçiləri idilər.
Afina əhalisi əkinçilik və maldarlıqla məşğul olur, üzüm, zeytun ağacları becərir, şərab və zeytun yağını saxlamaq üçün amfora (iki qulplu, dar boğazlı qablar) düzəldirdilər. Təsərrüfatın və sənətkarlığın inkişafı ticarətin yaranmasına və genişlənməsinə təkan verdi. Afinada hazırlanan məhsullar gəmilərlə başqa ölkələrə aparılırdı. E.ə. VII əsrdə Afinada ilk metal pullar — gümüş pul kəsilirdi.
Afina dövlətinin idarəetmə sistemi
Əvvəllər Afinanı hökmdar idarə edirdi. E.ə. VII əsrdə Afina aristokratların nəzarətində olan oliqarxiyaya (azlığın hakimiyyəti) çevrildi. Bu dövrdə Afina Xalq yığıncağı və Ağsaqqallar şurası fəaliyyət göstərirdi.
- Bütün vətəndaşlar iştirak edirdi. Səlahiyyətləri isə az idi. E.ə. VI əsrin sonlarında ali hakimiyyət orqanı oldu, ona qanunları müzakirə və qəbul etmək səlahiyyəti verildi, strateqlər seçməyə başladı. 20 yaşına çatmış vətəndaşlar iştirak edə bilirdi. — Adlı-sanlı adamlardan ibarət idi. E.ə. VII əsrdə bütün məsələləri həll edirdi. Qanunlar qəbul edir, bu qanunlar əsasında məhkəmə qurulurdu.
Afinada borc daşı və köləlik
Əvvəllər öz təsərrüfatlarında çalışan adlı-sanlı adamlar torpaq sahələri genişləndikcə onu becərmək üçün «günəmuzdçular» (gördükləri gündəlik işə görə haqq alan adam) tuturdular. Məhsul az olan vaxtlarda kəndlilər adlı-sanlı adamlardan faizlə borc alırdılar. Borc verən kəndlinin torpağına borc daşı qoyurdu. Borc daşının üzərində kəndlinin nə qədər borc aldığı və qaytarmalı olduğu vaxt yazılırdı. Borcunu vaxtında qaytara bilməyən kəndlinin torpağı əlindən alınır, özü isə ailəsi ilə birlikdə qula çevrilirdi.
E.ə. VII əsrdə Afinada «Drakon qanunları» tərtib edildi. «Drakon qanunları» onu tərtib edənin adı ilə belə adlanırdı.
«Drakon qanunları»:
- Aristokratların həyatını və əmlakını qoruyurdu.
- Ən kiçik səhvə görə təqsirkar ölümə məhkum olunurdu. Ona görə də demos deyirdi ki, bu qanunlar «mürəkkəblə deyil, qanla yazılmışdır».
E.ə. VII əsrin sonlarında Afinada ciddi iqtisadi problemlər siyasi ziddiyyətləri kəskinləşdirdi. Zadəganların hakimiyyətindən narazı qalan demosun — sadə xalqın borcların ləğv edilməsi və onlara torpaq verilməsi uğrunda mübarizəsi başladı.
E.ə. VII əsrdə yoxsulların əsas tələbi bunlar idi:
- Afinanın idarə olunmasında iştirak etmək;
- Kəndlilərə torpaq payı vermək;
- Borcların ləğv edilməsi.
Solon islahatı (e.ə. 594)
E.ə. 594-cü ildə demosla aristokratlar arasındakı münaqişəni həll etmək üçün Solon seçildi. Solon islahatı:
- Kəndlilərin bütün torpaq borclarını ləğv etdi.
- Borcuna görə qula çevrilmiş afinalıları azad etdi, borc köləliyini ləğv etdi.
- Gələcəkdə afinalıların borcuna görə qula çevrilməsini qadağan etdi.
- Taxıl və digər ərzaq məhsullarının ixracını qadağan etdi.
- Attikada doğulmuş bütün kişi əhalisinə vətəndaşlıq hüququ verdi.
- Mülkiyyətindən asılı olmayaraq bütün vətəndaşların Xalq yığıncağında iştirakına icazə verdi.
Yoxsul vətəndaşlar Xalq yığıncağına qatıla bilsələr də, yüksək dövlət vəzifələrinə seçilə bilmirdilər.
Vətəndaş — qanunla müəyyən edilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında vəzifələri olan şəxsdir.
Afinada tiraniyanın devrilməsi və demokratiyanın əsasının qoyulması
Tiranlıq dövründə aristokratlar zorla hakimiyyətə gəlmişdilər. Tiranlığın devrilməsindən sonra aparılan islahatlarla:
- Xalq yığıncağı ali hakimiyyət orqanı elan edildi.
- Xalq yığıncağına qanunları müzakirə və qəbul etmək səlahiyyəti verildi.
Xalq yığıncağı ordunu və donanmanı idarə edən strateqləri seçməyə başladı. Bu islahatlar Afina demokratiyasının əsasını qoydu.
Sparta dövləti — oliqarxiya idarə üsulu
E.ə. II minilliyin sonlarında dori tayfaları Cənubi Yunanıstana hücum edərək Lakonika vilayətini işğal etmiş, Sparta şəhərini salmış və Mikena mədəniyyətini dağıtmışdılar. Sparta şəhər-dövləti Afina ilə eyni dövrdə — e.ə. VIII əsrdə yaranmışdır.
Spartada oliqarxiya idarə üsulu mövcud idi. Dövlətə iki hökmdar, Ağsaqqallar şurası və Xalq yığıncağı rəhbərlik edirdi.
Sparta şəhər-dövlətinin idarəetmə sistemi:
- Hökmdarlar — Müharibə vaxtı orduya rəhbərlik edirdilər.
- Ağsaqqallar şurası — Qərarları hazırlayır və səsvermə üçün Xalq yığıncağına təqdim edirdi.
- Xalq yığıncağı — Qanunları səsvermə yolu ilə qəbul edirdi.
Peleponnesin azad əhalisi spartalılara vergi verirdi. Sparta da digər yunan şəhər-dövlətləri kimi əkinəyararlı torpaqları az idi. Lakin digər yunanlardan fərqli olaraq koloniyalar salmaq əvəzinə qonşu əraziləri işğal edərək əhalisini qula çevirmişdilər. Bütün Cənubi Yunanıstanı işğal etmiş, qulları hilotlar adlandırırdılar. İşğal olunmuş torpaqları idarə etmək üçün hərbi dövlət yaratmış, bütün spartalı kişilər döyüşçü idilər. Sabitliyi qorumaq üçün xaricilər Spartaya buraxılmırdı, spartalılar da hərbi məqsədlərdən başqa xaricə çıxa bilmirdilər.
Sparta ordusunun (digər yunan şəhər-dövlətlərində də) döyüş quruluşu falanqa adlanırdı (latınca «barmaq» deməkdir). Ordunun əsas qüvvəsi ağır silahlı piyadalar idi.
Spartalılara qanunla qadağan edilmişdi:
- Hərbi işdən başqa işlə məşğul olmaq;
- Fəlsəfə, ədəbiyyat və incəsənət öyrənmək;
- Xaricə — başqa ölkələrə səfərə getmək.
Spartalı oğlanların tərbiyəsi: Oğlanlar yeddi yaşında valideynlərindən götürülərək məktəbə göndərilirdi. Bədənlərini və iradələrini möhkəmləndirmək üçün sərt şəraitdə yaşayırdılar. İdman məşqləri — güləş, yumruq döyüşü — əsas yer tuturdu. Ağrıya dözməyi öyrətmək üçün onları çubuqla vururdular. Böyüklərin bütün əmrlərinə sualıqsız itaət etməli, yalnız icazə veriləndə danışa bilirdilər.
Lakonik danışıq: Spartalılar qısa və aydın danışmağı üstün tuturdular. Buna lakonik danışıq deyilir (Lakonika adından). Məsələn, oğlunu müharibəyə göndərən spartalı ana deyirdi: «Qalxanla, ya da qalxanın üstündə». Qalxanı itirmək rüsvayçılıq sayılırdı; cəngəllikdə qəhrəmanlıqla ölən döyüşçülərin cəsədləri qalxanları üstündə evə daşınırdı.
Yunan koloniyaları
Qədim Yunanıstanda bir çoxlarının öz ölkəsindən köçməsinin əsas səbəbi:
- Ticarətin inkişafı;
- Əhalinin sayının artması;
- Əkinəyararlı torpaqların azlığı;
- Demos ilə zadəganlar arasındakı mübarizə idi.
Koloniyalarda əsasən torpaqsız kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər məskunlaşırdı. Nəticədə yunanlar Aralıq və Qara dənizləri sahillərində çoxlu koloniyalar (daimi məskunlaşma yerləri) saldılar. E.ə. VIII–VI əsrlərdə Qafqazdan İspaniyaya qədər çoxlu yunan koloniyaları meydana gəldi (Marsel, Neapol, Sirakuz, Korinf, Vizantiya, Oliviya, Pantikopey, Xerson, Trapezund, Milet, Kirena, Navkratis, Tir və s.).
Yunan koloniyalarına aiddir:
- Hər bir koloniya ayrı ayrılıqda şəhər-dövlət idi.
- Qədim yunanlar harada məskunlaşsalar da, özünü bir xalq sayırdı — ellinlər, vətənlərini isə Ellada adlandırırdılar. Onları ümumi dil, adət, din və vahid əlifba birləşdirirdi.
Yunan koloniyalarının yaranması nəticəsində:
- Yunanlar mədəniyyətini və siyasi fikirlərini Aralıq dənizi sahillərinə yaydılar.
- Ticarət və sənətkarlığın inkişafı bir çox yunan şəhər-dövlətində varlı adamlar sinfinin yaranmasına səbəb oldu. Bu varlı adamlar aristokratlarla yanaşı siyasi hakimiyyətdə təmsil olunmaq üçün mübarizəyə başladılar.
Yunan–İran (Əhəməni) müharibələri
E.ə. VI əsrin ortalarında Əhəmani imperiyası Kiçik Asiyanın qərbindəki yunan şəhərlərini özünə tabe etdi. E.ə. V əsrin əvvəllərində Avropada Yunanıstanın, Asiyada isə Əhəmani dövlətinin qüdrəti xeyli artdı. E.ə. V əsrin əvvəlində (500-cü ildə) Kiçik Asiyada yunan şəhərləri Əhəmanilərə qarşı üsyan qaldırdı. Afina şəhər-dövlətinin üsyançılara kömək etməsi Əhəmani hökmdarı I Daranın Yunanıstana hücumuna səbəb oldu. I Dara Kiçik Asiyadakı yunan şəhər-dövlətlərini və Egey dənizindəki adaları özünə tabe etdikdən sonra Yunanıstana hücum etdi.
Marafon döyüşü (e.ə. 490)
E.ə. 490-cı ildə Afina yaxınlığında Marafon düzənliyində baş verən döyüşdə I Daranın qoşununun sayca üstünlüyünə baxmayaraq yunanlara məğlub oldu. Yunan döyüşçülərindən biri Marafon düzənliyindən Afinaya qədər olan 42 km məsafəni dayanmadan qaçaraq bu qələbə xəbərini çatdırmış, sonra ürəyi partlayıb ölmüşdü. Həmin döyüşçünün şərəfinə Yunanıstanda ilk dəfə Marafon qaçışı yaranmışdır.
Fermopil döyüşü (e.ə. 480)
I Daranın vəfatından sonra da Əhəmanilər Yunanıstanı işğal etmək siyasətini davam etdirərək e.ə. 480-ci ildə Şimali Yunanıstana hücum etdilər. Həmin ildə baş verən Fermopil döyüşündə Sparta hökmdarı Leonid və döyüşçüləri xəyanət nəticəsində həlak oldu. Əhəmanilər qalib gələrək Orta Yunanıstanı tutdular.
Fermopil döyüşündən əvvəl Əhəmani elçilərindən biri öz ordusunun çoxluğu ilə yunanları qorxutmaq üçün demişdi: «Bizim oxlarımız günəşin qabağını tutacaqdır». Leonid cavab vermişdi: «Nə olar, kölgədə vuruşarıq». Leonidin başçılığı ilə yunanlar Fermopil keçidini tutub Orta Yunanıstana gedən yolu kəsdilər. Lakin xəyanət nəticəsində mühasirəyə düşdüklərini görən Leonid spartalılardan başqa bütün dəstələrin geri çəkilməsini əmr etdi. O, 300 spartalı ilə birlikdə qeyri-bərabər döyüşdə həlak oldu.
Salamin dəniz döyüşü (e.ə. 480)
Salamin dəniz döyüşündə yunanlar parlaq qələbə qazandılar. Bir il sonra yunanlar Əhəmaniləri Yunanıstandan qovdular. Lakin dəniz döyüşləri 30 ilədək davam etdi. Buna görə yunan şəhər-dövlətləri müharibənin gedişində öz aralarında Afina şəhər-dövlətinin başçılığı altında və Afina strateqlərinin başçılıq etdiyi Afina dəniz ittifaqını yaratdılar. Afina dəniz ittifaqı Əhəmani donanmasını məğlub etdi.
Yunan–İran müharibələri nəticəsində
- Vətənini müdafiə edən yunanlar qalib gəldilər.
- Qələbə nəticəsində böyük qənimət əldə edildi.
- Yunanıstan Aralıq dənizi hövzəsində ən güclü ölkəyə çevrildi.
- Afinalılar «dənizin ağaları» adlandırıldılar.
Əhəmanilərlə yunanlar arasında bağlanmış sülh müqaviləsinin şərtlərinə görə (449-cu il):
- Əhəmani imperiyası Egey dənizindəki adalarda və Kiçik Asiyada yerləşən yunan şəhərlərinin müstəqilliyini tanıdı.
- Əhəmani donanmasına Egey dənizində üzmək qadağan edildi.
Afina quldarlıq demokratiyası. Perikl
Yunanlar qullara «insanayaqlı» deyirdilər. Qul əməyindən ən çox filiz mədənlərində və daş karxanalarında istifadə olunurdu. Yunan–İran müharibələrində yoxsul vətəndaşların orduda fəal iştirakı onların ictimai mövqeyinə müsbət təsir göstərdi. Afinada quldarlıq demokratiyasının zirvə dövrü e.ə. V əsrin II yarısında Periklin strateqliyi ilə üst-üstə düşür. Bu dövr Afinada quldarlıq demokratiyasının «çiçəklənmə dövrü» adlanır.
Periklin rəhbərliyi dövründə yoxsul vətəndaşların hüquqları xeyli artdı:
- Bütün afinalıların idarəetmədə iştirakı genişləndi.
- Yoxsul afinalılar bütün dövlət vəzifələrini tuta bilirdilər. Bu vəzifələrdə xidmət etmələri üçün onlara əməkhaqqı verilirdi.
- Yoxsul vətəndaşlara taxıl və pul yardımı göstərilirdi.
- Vətən uğrunda həlak olanların ailələrinə, uşaqlarına, qocalara və əlillərə kömək edilirdi.
Xalq yığıncağında:
- Qanunlar qəbul edilir, müharibə və sülh məsələləri həll olunurdu.
- Dövlət məmurları — strateq və xəzinədar — seçilirdi.
- Xarici siyasət məsələləri müzakirə olunurdu.
Afinada belə idarə üsuluna demokratiya deyilirdi — «demosun (xalqın) hakimiyyəti» deməkdir.
QEYD: Afina şəhər-dövlətində demosun maraqlarına xidmət edən islahatlar aparması Solon və Perikl fəaliyyəti üçün oxşar cəhətdir.
Hərbi xidmətə başlayanda Afina gənclərinin andı: «Mən bu müqəddəs silahı rüsvay etməyəcəyəm və döyüşdə harada dayansam da yoldaşımı tək qoymayacağam. Öz ocağım uğrunda vuruşacağam və arxamda vətənimi daha güclü və möhkəm qoyacağam. Mən də hamı kimi indi və gələcəkdə müəyyən ediləcək qanunlara tabe olacağam».
Afina–Sparta müharibəsi (e.ə. 431 – e.ə. 404)
Əhəmanilərə qalib gəldikdən sonra Afina ilə Sparta arasında rəqabət gücləndi. Siyasi sistemlərin fərqi — Afina demokratiyası, Sparta oliqarxiyası — bu ziddiyyəti daha da kəskinləşdirdi. Bu dövrdə yunan şəhər-dövlətləri:
- Ticarətdə üstünlük qazanmaq;
- Qonşu əraziləri tabe etmək
üçün mübarizə aparırdılar. E.ə. 431–404-cü illərdə Yunanıstanda ağalıq uğrunda aparılan mübarizə Peleponnes müharibəsi adlandırılır.
Bu müharibə nəticəsində:
- Sparta Afina və müttəfiqlərini məğlub etdi.
- Afina dəniz ittifaqı dağıldı.
- Yunanıstan iqtisadiyyatına böyük zərbə dəydi.
- Yunan şəhər-dövlətləri zəiflədi, daxili ziddiyyətlər dərinləşdi və tezliklə Makedoniya dövlətinə ciddi müqavimət göstərə bilmədilər, onun hakimiyyəti altına düşdülər.
Qədim Yunanıstan mədəniyyəti
- Teatr — Qədim yunanlar tanrı Dionisə şərəfə əfsanələri danışır, açıq havada tamaşalar göstərirdilər. E.ə. V əsrin sonlarında bütün yunan şəhərlərində belə teatrlar («baxış yerləri») tikilmişdi. Əfsanələr və qədim yunan müəlliflərinin əsərləri səhnələşdirilirdi. İlk yunan tamaşasının müəllifi Eşildir.
- Din — Qədim yunanlar çoxtanrılı dinə inanırdılar, tanrıların Olimp dağının zirvəsində yaşadığına inanırdılar. Onların şərəfinə dini bayramlar və idman yarışları keçirilirdi. Yunanların baş tanrısı Zevs idi.
- Elm — Yunan elminin ilk mərkəzi Kiçik Asiyada Milet şəhəri idi. E.ə. V əsrdə Afina demokratiyasının qurulması ilə Afina yunan elminin mərkəzinə çevrildi. Burada Pifaqor, Sokrat, Platon, Aristotel kimi filosoflar yaşayırdı. Yunanlar keçmiş hadisələri sistemli təhlil edən Tarix elmini yaratdılar.
- Təhsil — Yunanlar təhsilə böyük əhəmiyyət verirdilər. Ən yaxşı məktəblər Afinada idi. Azad yunanların uşaqları bu məktəblərdə stilus (itiuclu metal çubuq) ilə mum lövhələr üzərində hərfləri cızırdılar; stilusun künt ucunu silmək üçün istifadə edirdilər. Şagirdlər Homerin «İliada» və «Odissey» poemalarını əzbərləyirdilər. Yunanların öz əlifbası var idi. Latın və kiril əlifbaları sonradan yunan əlifbası əsasında yaradılmışdır.
Qədim yunan mütəfəkkirləri
- Demokrit — Dünyanın xırda zərrəciklərdən — atomlardan ibarət olduğunu söyləyirdi.
- Heredot — Qərb sivilizasiyasına görə e.ə. V əsrdə tarix elmini yaratmış, onun banisi hesab olunur, «Tarixin atası» adlanır. Yunan–İran müharibələrinə həsr olunmuş «Tarix» kitabı Yunanıstan, Ön Asiya, Misir və Azərbaycan tarixini öyrənmək üçün qiymətli mənbədir.
- Hippokrat — Həkim, tibb elminin yaradıcılarından hesab olunur. Onun təliminə görə həkim xəstəliyə qalib gəlməkdə orqanizmə kömək etməli idi.
- Aristotel — İlk dəfə bütün elmləri ayrı ayrı sahələr üzrə bölmüş, onlara botanika (bitki), fizika (təbiət) və s. adlar vermişdir.
Makedoniyalı İskəndər Aristotel haqqında: Aristotel Makedoniyalı İskəndərin müəllimi olmuşdur. İskəndər Aristotelə heyran idi. İskəndər: «Atası Filippə həyatı üçün, Aristotelə isə ləyaqətlə yaşadığına görə borcludur».
Memarlıq
Yunanıstanda memarlıq və incəsənət inkişaf etmişdi. Hər bir şəhərdə ictimai binalar, məktəblər, teatrlar, xüsusilə məbədlər tikilirdi. Afina akropolunda yunan memarlığının möcüzəsi hesab edilən binalar inşa olunmuşdu. Bunlardan ən möhtəşəmi Parfenon məbədi idi. Parfenon məbədi:
- Məbəd ilahə Afinanın şərəfinə tikilmişdi.
- Məbəddə heykəltəraş Fidi qızıl və fil sümüyündən ilahə Afinanın 12 metr hündürlüyündə heykəlini düzəltmişdi.
Memarlıqda sütunlardan da geniş istifadə olunurdu.
Olimpiya oyunları
Qədim Yunanıstanda 4 ildən bir keçirilən idman yarışlarını Olimpiya oyunları adlandırırdılar. Yunanlar il hesabını e.ə. 776-cı ildən — ilk olimpiya oyunlarının keçirilməsindən hesablayırdılar.
Olimpiya oyunlarına aiddir:
- İlk dəfə qədim Yunanıstanda keçirilmişdir.
- Oyunlar zamanı Olimpiya şəhərində nəhəng bir məşəl yandırıb yarışların keçirildiyi ölkəyə gətirirdilər.
- Oyunlar zamanı müharibələr dayandırılırdı.
- Yunanların müqəddəs saydığı Peloponnesdəki Olimp şəhərində keçirilirdi. Buradakı şəhərin mərkəzində məbəd var idi. Məbədin içərisində heykəltəraş Fidi Zevsin heykəlini düzəltmişdi.
- Oyunlarda idmançılar qaçmaq, tullanmaq, güləşmək, disk və nizə atmaq, eləcə də yumruq döyüş növləri üzrə yarışırdılar. Ən təhlükəli yarış hər birinə dörd at qoşulmuş arabaların yarışması idi. Qaliblər zeytun çələngi ilə mükafatlandırılır və ona öz vətənlərində heykəl qoyurdular.
Makedoniya padşahlığı
Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi
Makedoniya dövləti Yunanıstanın şimalında yerləşirdi. Paytaxtı Pella şəhəri idi. E.ə. IV əsrdə II Filipp dövründə Makedoniya dövləti xeyli gücləndi, zəifləyən yunan şəhər-dövlətləri işğal olundu. E.ə. 338-ci ildə Xeroneya döyüşündə yunan ordusu ilə II Filippin falanqası arasında həlledici döyüş baş verdi. Makedoniya ordusu qalib gəldi. Spartadan başqa bütün yunan şəhər-dövlətlərinin müstəqilliyinə son qoyuldu, lakin daxili özünüidarəetmələri saxlanıldı.
Makedoniyalı İskəndərin hakimiyyəti (e.ə. 336–323)
II Filipp sui-qəsdlə öldürüldükdən sonra 20 yaşlı oğlu İskəndər (e.ə. 336–323) hakimiyyətə gəldi. E.ə. 334-cü ildə Şərqə yürüşə başladı. Bir neçə döyüşdə Əhəmani ordusunu məğlub etdi. Suriya, Fələstin və qısa müddət sonra Misir müqavimətsiz tabe olundu. Misir kahinləri İskəndəri firon və tanrı elan etdilər. Misirin fəthindən sonra Əhəmanilərə qarşı müharibəni davam etdirərək Mesopotamiyaya qayıtdı. E.ə. 331-ci ildə Qavqamela döyüşündə son Əhəmani hökmdarı III Daranı məğlub etdi. III Dara döyüş meydanından ölkənin şərqinə qaçdı. E.ə. 330-cu ildə III Dara öz adamları tərəfindən öldürüldü və Əhəmani imperiyası süqut etdi. E.ə. 327-ci ildə İskəndər şimal-qərb Hindistanına hücum edərək Hind çayına qədər olan əraziləri özünə tabe etdi, lakin əhalinin güclü müqaviməti və döyüşçülərin yorğunluğu səbəbindən Hindistanın fəthini dayandırıb geri çəkildi.
QEYD: Əhəmani qoşunlarının məğlub edilməsi Marafon və Qavqamela döyüşləri üçün oxşar cəhətdir.
Makedoniyalı döyüşçülər bir səhrdən keçərkən susuzluqdan çox əziyyət çəkirlərmiş. İskəndər üçün bir az su tapsalar da, o suyu içməyib: «Bu su təkcə mənim üçün çox, döyüşçülərin hamısı üçün isə azdır» — deyərək suyu qumun üzərinə tökmüşdür.
Makedoniya imperiyasının parçalanması
Makedoniyalıların işğalları nəticəsində Balkan yarımadasından Hind çayına qədər ərazidə böyük bir imperiya yarandı. Babil şəhəri imperiyanın paytaxtı oldu. E.ə. 323-cü ildə İskəndər qafil vəfat etdikdən sonra Makedoniya imperiyası üç dövlətə — Makedoniya, Misir və Suriya (Selevki) padşahlıqlarına parçalandı.
Aralıq dənizinin şərq sahillərindəki yunan–Makedoniya dövlətləri zahirən qüdrətli görünsələr də, möhkəm deyildilər. Tez-tez baş verən müharibələr və üsyanlar nəticəsində onlar zəifləyərək qərbdən gələn yeni işğalçılara — romalılara qarşı dura bilmədilər. E.ə. I əsrin ortalarında Roma Respublikası Makedoniyanı işğal edərək itaat altına aldı.
Ellin mədəniyyətinin Şərq ölkələrində yayılması
İskəndərin fəthləri nəticəsində yunan mədəniyyəti Asiya ölkələrində yayıldı. Yunanlar isə öz növbəsində Şərq ölkələrinin mədəni nailiyyətlərindən bəhrələndilər. Makedoniyalı İskəndər öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə işğal etdiyi ölkələrdə yeni şəhərlər saldıraraq, bu şəhərlərdə yunan və Makedoniya döyüşçülərini yerləşdirirdi. Yunanıstandan köçüb gələnlərin sayəsində bu şəhərlərin əhalisi artırdı. Belə şəhərlərin çoxu İskəndəriyyə adlandırılırdı.
İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətləri onun sərkərdələri idarə edirdi. Sərkərdələr vilayətləri idarə etmək üçün yunan və makedoniyalılardan məmurlar təyin edirdilər. Yerli əhalidən olan quldarlar yunanlara oxşamağa çalışır, onların dilini öyrənir, adətlərini qəbul edirdilər. Beləliklə, Şərq ölkələrində Ellin (hellenist) mədəniyyəti yayılırdı.
İskəndər tərəfindən Nil çayının deltasında salınmış İskəndəriyyə şəhəri:
- Aralıq dənizi ətrafında ən böyük şəhər idi.
- İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan Misir padşahlığının paytaxtına çevrilmişdi.
- Şəhərin qarşısındakı adada limana gələn gəmilərə yol göstərmək üçün hündürlüyü 140 metr olan İskəndəriyyə mayakı tikilmişdi.
- Şəhərin bazarlarında Avropa, Asiya və Afrikadan gətirilmiş məhsullar satılırdı.
- Şəhərin kitabxanasında Yunanıstandan və Şərq ölkələrindən gətirilmiş çoxlu elmi əsərlər, 700 minə qədər əlyazma toplanmışdı.
- Şəhərdə dövrünün böyük alimləri olan Evklid və Arximed yaşayıb fəaliyyət göstərmişdilər.
Müqayisə və oxşar cəhətlər
Qədim Afina və Sparta şəhər-dövləti üçün oxşar cəhətlər:
-
Eyni dövrdə meydana gəlmişdilər.
-
Xalq yığıncağı və Ağsaqqallar şurası fəaliyyət göstərirdi.
-
E.ə. V əsrin I yarısında Əhəmani dövlətinin hücumuna məruz qalmışdılar.
-
E.ə. V əsrin II yarısında Yunanıstanda ağalığı uğrunda mübarizə aparmışdılar.
-
Makedoniya dövləti tərəfindən varlığına son qoyulmuşdu.
-
Yunanlar hər iki döyüşdə məğlub olmuşdular. — Yunanlar 1-ci də iranlılara, 2-ci də isə makedoniyalılara məğlub olmuşdur.
Fermopil və Xeroneya döyüşləri — yunanlar hər iki döyüşdə məğlub olmuş, lakin birincidə iranlılara, ikincidə makedoniyalılara məğlub olmuşdular.
Qədim Misir və Yunanıstan tarixi üçün oxşar cəhətlər: E.ə. IV əsrdə Makedoniya dövlətinin hücumuna məruz qalmışdı; Roma tərəfindən işğal olunmuşdu.
Qədim Şumer və Yunanıstan tarixi üçün oxşar cəhətlər: Şəhər-dövlətlər yaratmışdılar; əhalinin müəyyən hissəsi azad əhalidən ibarət idi.
Qədim Çin və Yunanıstan tarixi üçün oxşar cəhətlər: Quldarlıq münasibətləri mövcud olmuşdu; əhalisi əkinçilik və sənətkarlıqla məşğul olmuşdu; borcunu ödəyə bilmədikdə azad adamlar qul edilirdi; ölkədə ağalıq uğrunda dövlətlər bir-birinə qarşı mübarizə aparmışdılar; çoxtanrılıq geniş yayılmışdı.
Qədim Hindistan və Yunanıstan tarixi üçün oxşar cəhətlər: E.ə. III–II minilliklərdə şəhər mədəniyyətinə malik olmuşdu (Hindistanda Mohenco-Daro və Harappa, Yunanıstanda Krit və Mikena); yarımadada yerləşən quldar dövlət idilər; e.ə. II minillikdə ərazisində köçəri tayfalar məskunlaşmışdı (Hindistanda ari, Yunanıstanda dori); Əhəmanilərin və Makedoniya dövlətinin hücumuna məruz qalmışdı; yazı mədəniyyəti olmuş, əlifba tərtib edilmişdi.
Mete Tanhu və II Filipp üçün oxşar cəhətlər: Dövləti gücləndirmiş və qalibiyyətli müharibələr aparmışdılar.
Afina şəhər-dövləti və Makedoniya dövləti üçün oxşar cəhətlər: İran (Əhəmənilər) ilə müharibə aparmışdılar; Roma tərəfindən işğal olunmuşdular.
Yunan şəhər-dövlətləri və Əhəməni dövləti üçün oxşar cəhətlər: E.ə. IV əsrdə Makedoniya tərəfindən işğal olunaraq süquta uğradılmışdılar.
Makedoniya və Atropatena tarixi üçün oxşar cəhətlər: Romalılara qarşı müharibə aparmışdılar; ərazisində ellin mədəniyyəti yayılmışdı.
Xronologiya
| Tarix | Hadisə |
|---|---|
| E.ə. III minil. I yarısı | Krit adasında Avropanın ilk dövlətinin yaranması |
| E.ə. II minil. ortaları | Krit mədəniyyətinin məhv olması |
| E.ə. II minillik | Mikena mədəniyyətinin yaranması |
| E.ə. II minilliyin sonları (e.ə. XII əsr) | Dori tayfalarının Cənubi Yunanıstana hücum edərək Lakonika vilayətini işğal etməsi, Mikena mədəniyyətini dağıtması, Sparta şəhərinin əsasının qoyulması |
| E.ə. XI–VIII əsrlər | Yunanıstan tarixində «Qaranlıq dövr» |
| E.ə. VIII əsr | Polis adlandırılan ilk yunan şəhər-dövlətlərinin yaranması |
| E.ə. 776-cı il | Yunanıstanda ilk Olimpiya oyunlarının keçirilməsi |
| E.ə. VIII–VII əsrlər | Yunan koloniyalarının yaranması |
| E.ə. VII əsr | Dori tayfalarının Lakonika vilayətini tutması; Afinada gümüş pul kəsilməsi; Afinada oliqarxiya idarə üsulunun yaranması |
| E.ə. VII əsrin sonları | Demosla aristokratlar arasında mübarizənin başlaması; borcların ləğvi və yoxsullara torpaq verilməsi uğrunda mübarizə |
| E.ə. 621-ci il | Afinada Drakon qanunlarının tərtib olunması |
| E.ə. 594-cü il | Afinada Solon islahatının keçirilməsi |
| E.ə. VI əsrin sonu | Afinalıların üsyan qaldıraraq tiranlıq idarə üsuluna son qoyması; Afina demokratiyasının əsasının qoyulması; strateqlərin seçilməyə başlanması |
| E.ə. V əsrin sonu | Yunanıstanda ilk teatr binasının tikilməsi |
| E.ə. V əsrin ortaları | Əhəməni imperiyasının Kiçik Asiyanın qərbindəki yunan şəhərlərini özünə tabe etməsi |
| E.ə. V əsrin əvvəli (500-cü il) | Kiçik Asiyada yunan şəhərlərinin Əhəmənilərə qarşı üsyan qaldırması |
| E.ə. 500 – e.ə. 449 | Yunan–Əhəməni (İran) müharibəsi dövrü |
| E.ə. 490-cı il | Marafon döyüşü; iranlıların məğlub edilməsi |
| E.ə. 480-ci il | Fermopil döyüşü; iranlıların Orta Yunanıstanı tutması; Salamin döyüşündə yunanların qalib gəlməsi |
| E.ə. 479-cu il | Yunanların Əhəməniləri ölkədən qovması |
| E.ə. V əsrin I yarısı | Afina dəniz ittifaqının yaranması |
| E.ə. V əsrin II yarısı | Periklin strateqliyi dövrü; yoxsul vətəndaşların bütün vəzifələri tuta bilmək hüququ; Afinada quldarlıq demokratiyasının bərqərar olması |
| E.ə. V əsr | Heredotun tarix elminin əsasını qoyması; Afina şəhərinin yunan elminin mərkəzinə çevrilməsi |
| E.ə. 431 – e.ə. 404 | Afina–Sparta müharibəsinin baş verməsi |
| E.ə. V əsrin II yarısı | Afina dəniz ittifaqının dağılması |
| E.ə. 338-ci il | Xeroneya döyüşü; II Filippin Spartadan başqa digər yunan şəhər-dövlətlərinin azadlığına son qoyması |
| E.ə. 336 – e.ə. 323 | Makedoniyalı İskəndərin hakimiyyəti dövrü |
| E.ə. 334-cü il | Makedoniyalı İskəndərin Şərqə yürüşə başlaması; Suriya, Fələstin və Misirin fəthi; İskəndərin firon elan edilməsi |
| E.ə. 331-ci il | Qavqamela döyüşü; İskəndərin III Daranı məğlub etməsi |
| E.ə. 330-cu il | Əhəməni imperiyasının süqut etməsi |
| E.ə. 327-ci il | Makedoniyalı İskəndərin Hindistana yürüşü |
| E.ə. 323-cü il | İskəndərin vəfat etməsi və imperiyasının Selevki, Misir və Makedoniya padşahlıqlarına parçalanması |
Tipik səhvlər
- Krit — Avropanın ilk dövləti (e.ə. III minillik); Mikena — axey-yunanlar; dori tayfaları Mikena mədəniyyətini dağıdıb Sparta saldı.
- Polis — e.ə. VIII əsrdə; ən güclüləri Afina və Sparta; akropol + aqora.
- Drakon (e.ə. 621) — sərt qanunlar; Solon (e.ə. 594) — borc köləliyinin ləğvi; Perikl — demokratiyanın zirvəsi.
- Marafon (e.ə. 490), Fermopil (e.ə. 480), Salamin (e.ə. 480) — Yunan–İran müharibələri; sülh 449.
- Peleponnes müharibəsi e.ə. 431–404 — Afina məğlub, Sparta qalib.
- Xeroneya (e.ə. 338) — II Filipp; Qavqamela (e.ə. 331) — İskəndər III Daranı məğlub etdi.
- İskəndərin imperiyası e.ə. 323-də Makedoniya, Misir, Selevki padşahlıqlarına parçalandı.
- Olimpiya oyunları e.ə. 776-dan; il hesabı buradan başlayır.
DİM qeydləri
- Afina vs Sparta: demokratiya / oliqarxiya; hilotlar; falanqa; lakonik danışıq.
- Solon və Perikl — demosun maraqlarına xidmət edən islahatlar (kitabda oxşar cəhət kimi qeyd olunur).
- Yunan–İran müharibələri tarixi ardıcıllığı: 500 üsyan → Marafon (490) → Fermopil + Salamin (480) → 479 qovma → sülh (449).
- Makedoniya: II Filipp (Xeroneya, 338) → İskəndər (334 Şərq, 331 Qavqamela, 330 Əhəmənilərin süqutu) → 323 parçalanma.
- Hellenist mədəniyyət — İskəndərin fəthləri ilə Şərqdə yunan mədəniyyətinin yayılması; İskəndəriyyə, Evklid, Arximed.
- Müqayisə cədvəlləri (Fermopil/Xeroneya, Afina/Sparta, Yunanıstan/Misir/Çin/Hindistan) imtahanda tez-tez gəlir.