Morfologiya — əsas nitq hissələri
Zərf
Bir cümlə iləHərəkətin icra tərzini, zamanını, məkanını və kəmiyyətini aydınlaşdıran əsas nitq hissəsinə zərf deyilir.
Nə deməkdir
Gündəlik həyatımızda bir işin necə, nə vaxt və ya harada baş verdiyini tez-tez söyləyirik. Məsələn, dostumuza «tez gəl», «yaxşı oxu» və ya «içəri keç» deyirik.
Bax bu cür sözlər qrammatikada zərf adlanır. Sadə desək, zərf hərəkəti müxtəlif cəhətlərdən izah edib dəqiqləşdirir.
Cümlədə əsasən feilə bağlanır və onun tərzini, zamanını, yerini və miqdarını göstərir:
- yaxşı danışır (tərz)
- dünən gələn (zaman)
- yuxarı getmək (yer)
- çox oxuyanda (miqdar)
Zərflər məzmunundan asılı olaraq necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? nə qədər? suallarından birinə cavab verir.
Zərfin feillərlə əlaqəsi
Yadda saxla ki, zərf feilin həm təsriflənən, həm də təsriflənməyən formalarına (məsdər, feili sifət, feili bağlama) aid ola bilir:
- Təsriflənən feillərlə işlənməsi: Dünən gəlirdi, İndi getməliyəm kimi cümlələrdə zərf birbaşa şəxs və zamana görə dəyişən feilləri izah edir.
- Təsriflənməyən feillərlə işlənməsi: Dəfələrlə demək (məsdər), asta-asta gələndə (feili bağlama), cəsarətlə danışan (feili sifət) birləşmələrində zərf feilin təsriflənməyən formalarının qarşısında gəlir.
Dərsliklərdə zərf bəhsi feildən əvvəl tədris edilir. Bunun əsas səbəbi şagirdlərin sonrakı mərhələdə feili bağlama mövzusunu daha dərindən və asanlıqla mənimsəməsini təmin etməkdir.
Zərfin quruluşca növləri
Zərflər quruluşuna görə üç növə ayrılır: sadə, düzəltmə və mürəkkəb.
1. Sadə zərflər
Yalnız bir kökdən təşkil olunur və tərkibində heç bir leksik şəkilçi olmur:
- dünən, indi, hələ, yenə, sonra, tez, daim, sırağagün, inişil, içəri, alt, ora, bura, bayır, qabaq, dərhal və s.
2. Düzəltmə zərflər
Söz kökünə leksik şəkilçi artırmaqla formalaşır. Əsasən bu şəkilçilərin köməyi ilə düzəlir:
- -ca²: türkcə, almanca, rusca və s.
- -casına²: qəhrəmancasına, namərdcəsinə və s.
- -la²: zorla, güclə, inadla, səbirsizliklə və s.
- -ən: daxilən, qəsdən, qəflətən və s.
- -yana, -yanə, -anə: saymazyana, dahiyanə, aşiqanə və s.
- -dan²: ucadan, bərkdən, çoxdan və s.
- -da²: yayda, gündə və s.
- -akı²: çəpəki, yanakı və s.
- -aşı: yanaşı və s.
- -caq²: sevincək, görcək və s.
- -lıq⁴: hələlik, həmişəlik və s.
- -lıq⁴ + -da²: birlikdə, təklikdə və s.
Gün, ay, həftə, il, qış kimi zaman bildirən isimlərə, habelə o əvəzliyinə -da² şəkilçisi qoşaraq zaman zərfi yaratmaq mümkündür: gündə, ildə, qışda, onda və s.
Düzəltmə zərflərlə bağlı vacib xüsusiyyətlər:
- -la² şəkilçisi şifahi nitqdə [-nan²] şəklində tələffüz olunur: təlaşla [təlaşnan], cəsarətlə [cəsarətnən].
- -la², -casına², -ca², -ən şəkilçiləri vurğu qəbul etmir: inadla, hiyləgərcəsinə, türkcə, daxilən və s.
- Zərf formalaşdıran -la², -ca², -dan², -da², -caq² şəkilçiləri başqa qrammatik şəkilçilərlə omonimdir.
- -ən, -anə / -yana / -yanə şəkilçiləri dilimizə ərəb və fars dillərindən keçmiş alınma şəkilçilərdir.
- -anə / -yana / -yanə şəkilçisindəki birinci sait uzun tələffüz edilir: arifanə [a:rifa:nə].
Zərf düzəldən şəkilçilərin oxşar şəkilçilərdən fərqləndirilməsi
| Zərf düzəldən şəkilçi | Oxşar başqa şəkilçi |
|---|---|
| -la² — zərf yaradan leksik şəkilçidir: namusla, həvəslə · necə? sualına cavab verir. | -la² — ilə qoşmasının qısalmış formasıdır: qələmlə, maşınla · nə ilə? sualına cavab verir. |
| -da², -dan² — zərf yaradan leksik şəkilçidir: birlikdə, ucadan · necə? sualına cavab verir. | -da², -dan² — yerlik və çıxışlıq hal şəkilçiləridir: evdə, sinifdən · harada? haradan? sualına cavab verir. |
| -ca² ədatı zərfə qoşulur: astaca, sakitcə · feilə aid olur. | -ca² ədatı sifətə qoşulub çoxaltma dərəcəsi yaradır: zorbaca, körpəcə · ismə aid olur. |
3. Mürəkkəb zərflər
Ən azı iki müstəqil sözün birləşməsindən yaranır. Yazılış qaydasına görə üç cür olur: defislə, bitişik və ayrı (tərkibi).
A) Defislə yazılan mürəkkəb zərflər:
- Eyni sadə sözün arxa-arxaya təkrarlanması yolu ilə: az-az, tez-tez, çox-çox, sakit-sakit, bir-bir, beş-beş, oğrun-oğrun və s.
- Tərəflərindən biri və ya hər ikisi şəkilçi almış sözlərin təkrarı ilə: gündən-günə, ildən-ilə, başdan-başa və s.
- Əks (antonim) və ya bir-birinə yaxın mənalı sözlərin yanaşı işlənməsi ilə: gec-tez, orda-burda, əvvəl-axır, hərdən-birdən, başdan-binadan və s.
- Yönlük hal şəkilçisi daşıyan bir sayına digər miqdar saylarını qoşmaqla: birə-beş, birə-min, birə-on və s.
- Tərəflərindən biri yaxud hər ikisi təkbaşına işlənməyən sözlərin birləşməsi ilə: az-maz, için-için, dizin-dizin və s.
B) Bitişik yazılan mürəkkəb zərflər:
- Ayrı-ayrı mənalı müstəqil sözlərin bir-biri ilə qovuşması yolu ilə: addımbaşı, atüstü, gözucu, üzüyuxarı, hərdənbir, arabir və s.
- Eyni sözlərin arasına -ba² bitişdirici hissəciyi artırmaqla: yanbayan, üzbəüz, günbəgün, taybatay və s.
C) Ayrı yazılan mürəkkəb zərflər (tərkibi zərflər):
Sözlərin ayrı yazılması ilə formalaşan tərkibi zərflərdir: hər gün, hər an, bu zaman, bu an, bu vaxt, bu saat, ilk dəfə, bir az, bir qədər, bir dəfə, bu gün və s.
Diqqət:
- Növbənöv, rəngbərəng, rəngarəng, cürbəcür kimi sözlər zərf yox, sifətdir: Dükanda rəngbərəng şalvarlar vardı.
- -a, -ha bitişdiricilərinin köməyi ilə yaranan mürəkkəb sözlər zərf yox, isim sayılır: qaçaqaç, basabas, gəlhagəl, vurhavur və s.
Zərfin mənaca növləri
Hərəkəti hansı cəhətinə görə izah etməsindən asılı olaraq zərflər dörd mənaca növə ayrılır:
1. Tərzi-hərəkət zərfləri
Hərəkətin icra tərzini, keyfiyyətini və necə baş verdiyini bildirir, necə? nə cür? suallarına cavab verir:
- O, sənə təəccüblə baxırdı.
- Akif inadla susurdu.
- Cavad hiyləgərcəsinə gülümsəyirdi.
İşin hansı keyfiyyətdə və necə icra olunduğunu da bu zərflər üzə çıxarır: gözəl danışmaq, yaxşı bilmək və s.
- Sadə tərzi-hərəkət zərfləri: yaman, təkrar, dürüst, çətin, yaxşı, pis, sərrast, səlis, gözəl, əla və s.
- Düzəltmə tərzi-hərəkət zərfləri: qəhrəmancasına, sürətlə, daxilən, yanakı, çəpəki, dostyana, ağayana, zarafatyana, dahiyanə, qəfildən, ucadan, alçaqdan, birdən, birlikdə, türkcə, rusca, ehmalca, yavaşca, səssizcə və s.
- Mürəkkəb tərzi-hərəkət zərfləri: addımbaşı, atüstü, dabanbasma, həzin-həzin, birdən-birə, tez-tez, üz-üzə, qabaq-qabağa, əyri-əyri, qeyri-ixtiyari, yan-yana, sözarası, əvvəldən-axıra və s.
Birdən sözü cümlədəki məqamına görə həm zaman zərfi, həm tərzi-hərəkət zərfi, həm də say kimi işlənə bilir.
2. Zaman zərfləri
İşin nə vaxt görüldüyünü və ya görülmədiyini bildirir, nə vaxt? haçan? nə zaman? sualları ilə müəyyənləşdirilir:
-
Mən hələ də kitabı ala bilməmişəm.
-
Yenə göy üzünü duman bürüyüb.
-
Sadə zaman zərfləri: dünən, indi, inişil, daim, bildir, axşam, səhər, gecə, sabah, bayaq, sonra, gec, tez, hələ, həmişə, əvvəl, yenə, dərhal və s.
-
Düzəltmə zaman zərfləri: hələlik, çoxdan, hərdən, onda, gündə, ildə, ayda, yayda və s.
-
Mürəkkəb zaman zərfləri: günü-gündən, kəlməbaşı, haçandan-haçana, arabir, əvvəl-axır, aybaay, anbaan, ara-sıra, hərdənbir, birdən-ikidən, axşamtərəfi, günorta, səhər-səhər, səhərçağı və s.
3. Yer zərfləri
Hərəkətin hansı məkanda baş verdiyini və ya hansı səmtə yönəldiyini göstərir:
-
Ağsaqqal bir adam içəridə oturmuşdu.
-
Sadə yer zərfləri: aşağı, içəri, yuxarı, irəli, geri, ora, bura, yaxın, uzaq, sağ, sol, arxa, dal, kənar, qıraq, yan, eşik, bəri və s.
-
Düzəltmə yer zərfləri: ortalıqda, aralıqda və s.
-
Mürəkkəb yer zərfləri: ora-bura, yan-yörə, dala-qabağa, o tərəf-bu tərəf, sağa-sola, üzüyuxarı, üzüaşağı və s.
İrəli, geri, içəri, yuxarı, aşağı, bəri kimi yer zərfləri yönlük, yerlik və çıxışlıq hal şəkilçilərini qəbul etdikdə belə morfoloji baxımdan yer zərfi olaraq qalır: irəliyə, yuxarıda, bəridən, geridən və s.
4. Miqdar zərfləri
İş və hərəkətin həcmini, dərəcəsini və kəmiyyətini göstərir, nə qədər? sualı ilə müəyyən edilir:
-
az, çox, azacıq, birə-iki, birə-beş, qismən, dəfələrlə, bütünlüklə, təkrarən, az-az, az-çox, beş-beş, qat-qat və s.
-
Sadə miqdar zərfləri: az, çox, xeyli, qismən və s.
-
Düzəltmə miqdar zərfləri: tamamilə, dəfələrlə, bütünlüklə, təkrarən, azacıq və s.
-
Mürəkkəb miqdar zərfləri: çox-çox, iki-iki, az-az, az-çox, az-maz, birə-beş, azdan-çoxdan, qat-qat və s.
Səbəb zərfi haqqında vacib xəbərdarlıq: Azərbaycan dilçiliyində morfoloji vahid kimi səbəb zərfi anlayışı yoxdur. Cümlə üzvü olan səbəb zərfliyi isə müxtəlif nitq hissələri ilə ifadə edilir:
- İstidən tərlədi. (istidən — isimləşmiş sifət)
- Soyuqdan dondu. (soyuqdan — isimləşmiş sifət)
- Qorxudan qışqırdı. (qorxudan — çıxışlıq halda olan isim)
Zərfin digər nitq hissələrindən fərqləndirilməsi
Bəzi sözlər mətndəki yerindən və mənasından asılı olaraq müxtəlif nitq hissələrinin funksiyasını daşıyır:
1. İsim və zərf kimi işlənə bilən sözlər
Səhər, axşam, gecə, gündüz, sabah tipli sözlər hər iki nitq hissəsi ola bilir:
- Zaman zərfi olduqda: Hərəkətin icra vaxtını göstərib nə vaxt? haçan? nə zaman? suallarına cavab verir:
- Biz sabah (nə vaxt?) gedəcəyik.
- Qışda (nə zaman?) köçəri quşlar isti ölkələrə uçur.
- İsim olduqda: Əşyanın adını bildirib nə? sualına cavab verir:
- Səhər açıldı.
- Axşam düşdü.
- Diqqət yetir: İsmin yerlik halı kimdə? nədə? harada? suallarını tələb edir. Lakin qışda, yayda, payızda sözləri zaman məzmunu daşıyıb nə vaxt? sualına cavab verdiyi üçün zaman zərfi sayılır.
2. Sifət və zərf kimi işlənə bilən sözlər
Gözəl, qəşəng, pis, yaxşı, cəld, tək, aydın, əyri, doğru, səhv, dahiyanə, sabiranə kimi sözlər formaca tərzi-hərəkət zərflərinə bənzəyir. Onları fərqləndirmək üçün iki mühüm qaydanı bilməlisən:
- a) Aid olduğu söz: Sifət ismə, zərf isə feilə aid olur:
- yaxşı fikir (sifət) — yaxşı danışır (zərf)
- sıx meşə (sifət) — sıx oturmuşduq (zərf)
- b) Sualları: Sifət necə? nə cür? sualları ilə bərabər hansı? sualına da cavab verir. Zərf isə heç vaxt hansı? sualını qəbul etmir:
- iti mişar (necə? hansı? — sifət)
- iti danışır (necə? — zərf)
- Yaxşı, pis, iti, gözəl, açıq, sıx, cəld kimi sözlər həm sifət, həm də tərzi-hərəkət zərfi kimi işlənə bilir.
- Xüsusi qayda: Sifətə məxsus leksik şəkilçi qəbul etmiş sözlər (sənsiz yaşamaq, mənalı danışmaq) feilin qarşısında işlənsə də, morfoloji cəhətdən həmişə sifət sayılır.
3. Say və zərf kimi işlənə bilən sözlər
Az, çox, xeyli, bir qədər, bir az tipli sözlər:
- Əşyaya (ismə) aid olduqda: qeyri-müəyyən miqdar sayı hesab edilir (az kitab).
- Hərəkətə (feilə) aid olduqda: miqdar zərfi hesab edilir (az danışdı).
4. Zərf və qoşma kimi işlənə bilən sözlər
Əvvəl, qabaq, sonra, bəri sözləri:
- Çıxışlıq halda olan sözlə işləndikdə: qoşma olur (səndən əvvəl, bundan sonra, ondan qabaq).
- Sərbəst şəkildə hərəkətin vaxtını bildirdikdə: zərf olur (Əvvəl mən gəldim, sonra o).
5. Zərf və ədat kimi işlənə bilən sözlər
Yalnız və təkcə sözləri cümlədəki yerinə görə fərqlənir:
- Məhdudlaşdırıcı təsir bağışladıqda: ədat olur (Yalnız sən mənə kömək edə bilərsən, Təkcə Akif işi öz xeyrinə həll etdi).
- Hərəkətin tək, yalqız baş verdiyini göstərdikdə: zərf olur (O, evə yalnız getmişdi, Onun təkcə gəlməyi yaxşı olmadı).
Zərfin cümlədə rolu və morfoloji təhlili
Sintaktik vəzifəsi
Zərflər cümlədə əsasən xəbərə tabe olur və zərflik vəzifəsini yerinə yetirir:
- Əsgər inadla susurdu (cümlədə tərzi-hərəkət zərfliyidir).
Lakin kontekstdən asılı olaraq başqa cümlə üzvləri kimi də çıxış edə bilər:
- Təyin olur: Yer zərfi sifətləşib ismin qarşısında gəldikdə: Yuxarı (hansı?) evi sən təmizlə.
- İsmi xəbər olur: Mənim təzyiqim aşağıdır (necədir?).
- Mübtəda olur: İsmin sualına cavab verib substantivləşdikdə (isimləşdikdə): Yuxarılar (kimlər?) bu qaydanı tətbiq edirlər.
- Tamamlıq olur: Yuxarını (haranı?) Fatma təmizləyəcək.
Morfoloji təhlil qaydası
Zərfi morfoloji baxımdan təhlil edərkən bu 4 mərhələni ardıcıl izlə:
- Sualını tap
- Quruluşca növünü müəyyən et
- Mənaca növünü təyin et
- Cümlədəki sintaktik rolunu göstər
Nümunə təhlillər:
- «O, uşaqlara ötəri baxaraq yoluna davam etdi» cümləsindəki ötəri sözü:
- Öt feilindən düzəlib, quruluşca düzəltmədir.
- Mənaca tərzi-hərəkət zərfidir.
- Necə? sualına cavab verir.
- Feili bağlama tərkibinin daxilində tərzi-hərəkət zərfliyi rolundadır.
- «Uşaq sevincək dilləndi» cümləsindəki sevincək sözü:
- Nə tərzdə? sualına cavab verir.
- Feildən düzəlmiş düzəltmə zərfdir.
- Mənaca tərzi-hərəkət zərfidir.
- Sintaktik rolu zərflikdir.
Yadda saxla
- Məkan bildirən isimlərlə yer zərflərini bir-birinə qatma: Kəndə, kənddə, kənddən kimi sözlər hal şəkilçili isimlərdir. Yer zərfləri isə hərəkətin birbaşa yönünü və yerini göstərir: ora, bura, irəli, geri, aşağı, yuxarı, yaxın, uzaq, sağ, sol və s.
- Feili bağlama ilə zərfi ayırmağı bacar: Hər ikisi hərəkəti izah edib bənzər suallara cavab verir. Lakin feili bağlama feil kökünə qoşulan qrammatik şəkilçilərlə düzəlir və feil xüsusiyyətlərini (hərəkət bildirmək, təsdiq/inkar, təsirli/təsirsiz, qrammatik məna növləri) qoruyub saxlayır: O qorxmadan irəliləyirdi (feili bağlama); O, cəsarətlə irəliləyirdi (zərf).
- Zərf və zərflik terminlərini eyniləşdirmə: Zərf morfologiyanın (nitq hissəsinin), zərflik isə sintaksisin (cümlə üzvünün) anlayışıdır.
- Səbəb zərfi anlayışı yoxdur: Azərbaycan dilinin morfologiyasında səbəb zərfi mövcud deyil; səbəb mənası yalnız sintaktik səviyyədə (səbəb zərfliyi kimi) özünü göstərir.
Tez-tez edilən səhvlər
Qaçaqaç, vurhavur, basabas, gəlhagəl sözlərini mürəkkəb zərf götürmək
-a, -ha bitişdiriciləri ilə düzələn bu sözlər mürəkkəb isimdir.
Növbənöv, rəngbərəng, cürbəcür, rəngarəng sözlərini zərf hesab etmək
Bu sözlər əşyanın əlamətini göstərən mürəkkəb sifətlərdir.
Kənddə, şəhərdən, evə kimi sözləri yer zərfi saymaq
Bunlar hal şəkilçisi qəbul etmiş məkan mənalı isimlərdir.
Sənsiz, mənalı sözlərini feillə işləndiyi üçün zərf adlandırmaq
Sifət düzəldən leksik şəkilçi qəbul etdiklərinə görə həmişə sifət sayılırlar.
Qorxudan qışqırdı cümləsindəki qorxudan sözünü səbəb zərfi kimi göstərmək
Dilimizdə səbəb zərfi yoxdur; bu söz çıxışlıq halda olan isimdir və cümlədə səbəb zərfliyidir.
Qələmlə yazdı cümləsindəki -lə şəkilçisini zərf yaradan şəkilçi qəbul etmək
Burada -lə qoşmadır (nə ilə? sualına cavab verir); zərf düzəldən -la² isə tərz bildirib necə? sualına cavab verir.
İmtahanda necə soruşulur
DİM buraxılış və qəbul imtahanlarında bu mövzu əsasən aşağıdakı sual formaları ilə yoxlanılır:
- Cümlədə zərfliyin və ya zərfin məna növlərinin müəyyən edilməsi: «Hansı nümunədə zərfliyin iki məna növü işlənmişdir?» və ya «Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir?» başlıqlı suallarla tərzi-hərəkət, zaman, yer və miqdar anlayışlarının tətbiqi yoxlanılır.
- Uyğunluq tipli test tapşırıqları: «Uyğunluğu müəyyənləşdirin» tipli suallarda zərfin quruluşca növləri, mənaca qrupları və digər nitq hissələri ilə (isim, sifət, say, qoşma, ədat) ortaq işlənən sözlərin xüsusiyyətləri qarşılaşdırılır.
30 saniyəlik təkrar
Əsas mahiyyəti: Feilə bağlanaraq hərəkətin tərzini, zamanını, yerini və miqdarını aydınlaşdırır.
Dörd məna növü: Tərzi-hərəkət (necə?), zaman (nə vaxt?), yer (hara?), miqdar (nə qədər?). Səbəb zərfi isə mövcud deyil.
Quruluşca üç növü: Sadə (tək kök), düzəltmə (-ca², -casına², -la², -ən, -da², -dan² və s.) və mürəkkəb (defislə, bitişik, ayrı).
Digər nitq hissələri ilə fərqi: İsimdən zaman/məkan, sifətdən tərz, saydan miqdar baxımından fərqlənir; feillə birbaşa əlaqələnməsi əsas açardır.
Mənbə: Novcept — DİM buraxılış proqramı üzrə hazırlanmış qayda mətni